REGİONLAR
Gəncədə limonad istehsalı müəssisəsində yoxlama keçirilib
Bakı, 5 noyabr, AZƏRTAC
Gəncə şəhəri, “Azərbaycan əsgəri” küçəsi 85 ünvanında fəaliyyət göstərən, Hakimi Bəxtiyar Mirzəağa oğluna məxsus limonad istehsalı müəssisəsində Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları tərəfindən plandankənar yoxlama keçirilib.
Bu barədə AZƏRTAC-a Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən məlumat verilib.
Baxış zamanı istehsalat müəssisəsində qida təhlükəsizliyi sahəsində texniki normativ-hüquqi aktların tələblərinin pozulduğu aşkarlanıb. Belə ki, müəssisədə anbar sahəsinin təşkil edilmədiyi, şüşə butulkaların müşayiətedici sənədlərinin olmadığı, müəssisəyə geri qaytarılmış məhsullar üçün xüsusi sahənin ayrılmadığı, yuma sahəsinin təmirsiz olduğu, havalandırma sisteminin quraşdırılmadığı və digər nöqsanlar müəyyən edilib.
Faktla bağlı sahibkar barəsində inzibati protokol tərtib olunub, pozuntuların aradan qaldırılması və müəssisənin qida təhlükəsizliyi sahəsində texniki normativ-hüquqi aktların tələblərinə uyğunlaşdırılması barədə icrası məcburi göstərişlər verilib.