GƏNCƏDƏ SAXTA ŞƏXSİYYƏT VƏSİQƏSİ HAZIRLAYARAQ BANKLARDAN KÜLLİ MİQDARDA KREDİT GÖTÜRƏN QADIN YAXALANMIŞDIR
1971-ci il təvəllüdlü Zəkiyyə Həziyeva uzun müddət ayrı-ayrı vətəndaşların adına saxta şəxsiyyət vəsiqəsi düzəltməklə müxtəlif banklardan külli miqdarda kredit götürmüşdür.
Şəhər polis idarəsinin istintaq şöbəsindən AZƏRTAC-a demişlər ki, Zəkiyyə Həziyeva 2007-ci ildə Məhəbbət Allahverdiyevanın şəxsiyyət vəsiqəsini onun Rusiya Federasiyasında yaşayan bacısı Həmidə Əliyevanın adına saxtalaşdırmış, ikincinin xəbəri olmadan onun evini girov qoyaraq “AtaBank”dan 10 min manat kredit götürmüşdür. Bu “əməliyyat”dan ruhlanan Zəkiyyə Həziyeva daha sonra Rəna Məmmədova ilə cinayət əlaqəsinə girərək, onun adına saxta şəxsiyyət vəsiqəsi hazırlamış və bacısı Rita Məmmədovanın evini girov qoyaraq, həmin bankdan daha 3 min ABŞ dolları götürmüşdür. O, apardığı “əməliyyatların” uğurlu olduğunu görüb İradə Əsgərova adlı bir nəfərlə əlaqəyə girmiş, onun iki otaqlı mənzilinin 5 otaqlı olması barədə saxta 2 nömrəli arayış düzəldərək bankdan külli miqdarda kredit götürməyə nail olmuşdur.
Hazırda Zəkiyyə Həziyeva barəsində cinayət işi qaldırılmışdır. İki uşaq anası tutduğu əməllərə görə yaxın günlərdə cavab verməli olacaqdır.