SİYASƏT
GƏNCƏDƏ SİLAHLI QÜVVƏLƏR GÜNÜ QEYD EDİLMİŞDİR
AZƏRTAC xəbər verir ki, Yeni Azərbaycan Partiyası Gəncə şəhər təşkilatının gənclər birliyi 26 iyun - Silahlı Qüvvələr günü münasibətilə dəyirmi masa keçirmişdir.
YAP Gəncə şəhər təşkilatının sədri İsrafil İsmayılov əlamətdar gün münasibətilə tədbir iştirakçılarını təbrik etmiş və gənclərə gələcək fəaliyyətlərində uğurlar arzulamışdır.
Gənclər birliyinin sədri Ramil Həsənov əsası ümummilli liderimiz Heydər Əliyev tərəfindən qoyulmuş və Respublika Prezidenti İlham Əliyev tərəfindən daha da təkmilləşdirilmiş Milli Ordumuzdan danışmışdır. Qeyd olunmuşdur ki, müqayisə olunmayacaq dərəcədə inkişaf etmiş Azərbaycanın Silahlı Qüvvələri Ali Baş Komandanın əmri ilə istənilən vaxt torpaqlarımızı düşmənlərdən azad etmək imkanına malikdir.
Sonra söz dəyirmi masa iştirakçılarına verilmişdir. Onlar son 4 ildə qazanılan uğurlardan danışmış, bu gün Azərbaycanın dünya birliyi ölkələri arasında layiqli yer tutmasını, qüdrətli ordu quruculuğunda qazanılan uğurları Silahlı Qüvvələrimizin Ali Baş Komandanı, Prezident İlham Əliyevin gərgin əməyinin bəhrəsi kimi dəyərləndirmişlər.
Dəyirmi masa iştirakçıları adından respublika gənclərinə müraciət qəbul edilmişdir.
Müraciətdə gənclər dövlətimizin qüdrətlənməsində, ərazi bütövlüyümüzün bərpasında yaxından iştirak etməyə çağırılırlar.