Gəncədə texniki təhlükəsizliklə əlaqədar seminar-müşavirə keçirilib
Bakı, 19 dekabr, AZƏRTAC
Fövqəladə Hallar Nazirliyinin (FHN) Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və Dağ-Mədən Nəzarəti Dövlət Agentliyinin təşkilatçılığı ilə Gəncə şəhərində “Texniki təhlükəsizlik bizim prioritetimizdir” mövzusunda seminar-müşavirə olub.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, seminar-müşavirə təhlükə potensiallı obyektlərin istismarı ilə məşğul olan müxtəlif sənaye müəssisələrində texniki təhlükəsizliyin təmin edilməsinin təhlili və qabaqlayıcı-profilaktik tədbirlərin görülməsi məqsədilə təşkil olunub.
Tədbirdə agentliyin Taxıl məhsulları müəssisələrində işlərin təhlükəsiz görülməsinə nəzarət müfəttişliyinin rəisi Natiq Seyidəhmədov Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkədə həyata keçirilən uğurlu iqtisadi siyasətin əhəmiyyətindən, sahibkarlara, o cümlədən sənaye sahələrində fəaliyyət göstərən iş adamlarına göstərilən xüsusi diqqət və qayğıdan danışıb. O, müəssisələrdə texniki təhlükəsizliyin təmin edilməsinin vacibliyini qeyd edərək bu sahədə qabaqlayıcı-profilaktik tədbirlərin görülməsinin zəruriliyini vurğulayıb.
Agentliyin Azərbaycan Dövlət Əməyin Mühafizəsi və Təhlükəsizlik Texnikası Elmi-Tədqiqat İnstitutunun şöbə müdiri Rafail Bünyatov sənayedə təhlükəsizliyin sistemli araşdırılması və texniki təhlükəsizliyin təmin olunmasında əsas istiqamətlər, eləcə də sənaye sahələrində texniki təhlükəsizliyin tənzimlənməsində istifadə edilən qaydalar, təlimatlar, normativ-texniki sənədlər barədə tədbir iştirakçılarına ətraflı məlumat verib.
Tədbirdə digər çıxış edənlər sənayedə və dağ-mədən işlərində texniki təhlükəsizliklə bağlı mövcud problemlərdən bəhs edib, bədbəxt hadisələrin qarşısının vaxtında alınması üçün zəruri olan qabaqlayıcı-profilaktik tədbirlər barədə təkliflər səsləndiriblər.
Mövzu ətrafında müzakirə aparılıb, suallar cavablandırılıb.