Gəncənin iqtisadi potensialı Heydər Əliyevin rəhbərliyi dövründə yaradılıb
Gəncə, 12 dekabr, Rauf Hacıyev, AZƏRTAC
Azərbaycana rəhbərlik etdiyi dövrdə respublikamızın elə bir regionu, bölgəsi, rayonu tapılmazdı ki, ulu öndər Heydər Əliyev oraya bir neçə dəfə səfər etməsin. Azərbaycanın ikinci sənaye və mədəniyyət mərkəzi olan Gəncə də böyük şəxsiyyətin əhəmiyyət verdiyi şəhərlərdən olub.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Gəncənin iqtisadi potensialı məhz Heydər Əliyevin rəhbərliyi dövründə yaradılıb. Heydər Əliyev ümumilikdə Gəncəyə 8 səfər edib. Bu səfərləri iki mərhələyə ayırmaq olar. Ulu Öndərin Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi olduğu 1969-1982-ci illər və Azərbaycan Respublikasının Prezidenti olduğu 1993-2003-cü illər. Hər iki mərhələdə Heydər Əliyevin Gəncəyə 4 səfəri reallaşıb. Onlardan birincisi 1970-ci ildə olub. Növbəti səfər 1977-ci ilə təsadüf edib. Daha iki səfər isə 1980-ci ildə reallaşıb. Heydər Əliyev Azərbaycan Respublikasının Prezidenti seçildikdən sonra da ilk səfərini Gəncəyə edib. 1993-cü ildə Ümummilli Lider Gəncəyə iki dəfə səfər edib - 10 iyun və 13 dekabrda. 2000-ci ilin may ayında isə Heydər Əliyevin Gəncəyə ikigünlük səfəri olub. Ümummilli Liderin Nizami yurduna son səfəri 2002-ci ilin sentyabrında reallaşıb. Bugünkü inkişaf dinamikası onu deməyə əsas verir ki, Ulu Öndərin müəyyən etdiyi siyasət bütün ölkədə olduğu kimi, Gəncədə də uğurla icra edilir.
Dekabrın 12-də respublikamızın hər yerində olduğu kimi, Gəncədə də ümummilli lider Heydər Əliyevin əziz xatirəsi yad olunub.
Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov, Türkiyənin Gəncədəki Baş konsulu Zeki Öztürk, Gəncədə səfərdə olan Ümumdünya Səhiyyə Təşkilatının Azərbaycandakı nümayəndəsi və ofis rəhbəri Hande Harmancı və digərləri Ulu Öndərin şəhərin mərkəzi meydanında ucaldılmış abidəsi önünə gül dəstələri düzüb, xatirəsini dərin ehtiramla anıblar.
Ölkədə tətbiq edilən xüsusi karantin rejiminin qaydaları nəzərə alınaraq sakinlər anım mərasimində iştirak etməyiblər. Bunula belə şəhərdə fəaliyyət göstərən idarə, müəssisə və təşkilat rəhbərləri, bir neçə kollektivlər gün ərzində Gəncənin mərkəzi meydanına gələrək, Ulu Öndərin abidəsini ziyarət ediblər.