Gənclər Fondu əməkdaşlarının ali təhsil müəssisələrində keçirdikləri təqdimatlar yekunlaşmışdır
Bakı, 8 noyabr (AZƏRTAC). Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun əməkdaşları tərəfindən ali təhsil müəssisələrində keçirilən təqdimatlar yekunlaşmışdır.
Fondun mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, təqdimatlar Azərbaycan Dillər Universiteti, Azərbaycan Dövlət Aqrar Universiteti, Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası, Azərbaycan Dövlət İqtisad Universiteti, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti, Azərbaycan Dövlət Neft Akademiyası, Azərbaycan Dövlət Pedaqoji Universiteti, Azərbaycan Dövlət Rəssamlıq Akademiyası, Azərbaycan Memarlıq və İnşaat Universiteti, Azərbaycan Müəllimlər İnstitutu, Azərbaycan Respublikası Prezident yanında Dövlət İdarəçilik Akademiyası, Azərbaycan Texniki Universitet, Bakı Dövlət Universiteti, Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialı və digər ali təhsil müəssisələrində keçirilmişdir.
Görüşlərdə tələbələrə Fonda müraciət qaydaları, onlayn qeydiyyat, layihə təqdimetmə və digər zəruri məlumatlar verilmişdir. Təqdimatlar dördüncü qrant müsabiqəsində gənclərin və tələbələrin fəallığını artırmaq, onları məlumatlandırmaq məqsədi daşımışdır. Bu müsabiqə də öz növbəsində gənc nəslin sosial, fiziki, intellektual və mənəvi inkişafının təmin edilməsinə, vətənpərvərlik ruhunda tərbiyə olunmasına, ictimai fəallığının artırılmasına, innovativ ideyalarının və yaradıcı təşəbbüslərinin reallaşdırılmasına yönəlmişdir.
Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondu 14-29 yaş həddində olan fiziki şəxsləri “C” kateqoriyası üzrə müsabiqədə iştirak etmək üçün layihə təkliflərini göndərməyə dəvət edir. Müsabiqə haqqında ətraflı məlumatı http://youthfoundation.az/4cuqrantelani/ saytından almaq mümkündür.