GƏNCLƏR, İDMAN VƏ TURİZM NAZİRLİYİ ERMƏNİ SEPARATÇILARININ NÖVBƏTİ FİTNƏKARLIĞINA ETİRAZINI BİLDİRİR
Azərbaycan Gənclər, İdman və Turizm Nazirliyi də erməni separatçılarının növbəti fitnəkarlığına etirazını bildirən bəyanat yaymışdır. Həmin bəyanatın AZƏRTAC-a daxil olmuş mətnində deyilir:
-Gənclər, İdman və Turizm Nazirliyi bu məsələ ilə əlaqədar olaraq öz etirazını bildirir və AFFA-nın FİFA-ya və UEFA-ya ünvanladığı sənədi dəstəkləyir. Heç bir beynəlxalq qurumda təmsil edilməyən qondarma “Dağlıq Qarabağ Respublikası” nə FİFA-nın, nə də UEFA-nın üzvü deyil və tanınmayan qurum olduğu üçün hər hansı idman turniri, o cümlədən futbol çempionatı keçirə bilməz.
Bu, qondarma “Dağlıq Qarabağ Respublikası” tərəfindən keçirilməyə cəhd edilən növbəti əsassız yarışdır. Həmin qurum bir müddət öncə şahmat turnirinin keçirilməsini nəzərdə tuturdu. Lakin Azərbaycan Respublikasının beynəlxalq təşkilatlar qarşısında etirazından sonra turnir qeyri-legitim sayıldı və iştirakçıların peşmançılığı ilə yekunlaşdı.
Futbol üzrə qondarma turnirin taleyini də şahmat turnirinin taleyi gözləyir. Ümidvarıq ki, FİFA və UEFA bu turnirə dair düzgün və ədalətli qərar verəcəkdir.
Qondarma “Dağlıq Qarabağ Respublikası”nda idman yarışlarının keçirilməsinə göstərilən hər hansı bir cəhd bundan sonra da baş tutmayacaq və Azərbaycan tərəfindən, habelə beynəlxalq qurumlar tərəfindən pisləniləcəkdir.