Gənclər narkomaniya, dini radikalizm və erkən nikahın fəsadları barədə müntəzəm məlumatlandırılır
Bakı, 1 fevral, AZƏRTAC
Göyçay şəhər peşə liseyində “Narkomaniyaya yox deyək”, “Dini radikalizmlə mübarizə” və “Erkən nikahın fəsadları” mövzularında maarifləndirmə tədbiri keçirilib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, tədbirdə rayon icra hakimiyyətinin və prokurorluğunun, polis və təhsil şöbəsinin, Dini Qurumlarla iş üzrə Dövlət Komitəsinin əməkdaşları iştirak ediblər.
Göyçay Rayon Polis Şöbəsinin rəisi, polis polkovniki Sənan Əsədov tədbirdə çıxış edərək narkomaniya və psixotrop maddələrin yaratdığı problemlərdən və onların fəsadlarından danışıb. Qeyd edib ki, yeniyetmə və gənclərin zərərli vərdişlərə meyil göstərməsinin qarşısını almaq üçün valideyn və müəllimlər onların asudə vaxtlarının səmərəli təşkilinə diqqət yetirməli, uşaqların elmə, idmana və faydalı təlimlərə yönləndirilməsi istiqamətində davamlı iş aparmalıdırlar. S.Əsədov gəncləri diqqətli olmağa və sağlam həyat yaşamağa, daim biliklərini və təhsillərini artırmağa çağırıb.
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin əməkdaşı Əzim Əliyev dini radikalizm və onun fəsadlarından, xurafat və cəhalət carçılarına qarşı mübarizə metodlarından, Azərbaycan Respublikasının müvafiq qanunvericiliyinə uyğun olaraq, həyata keçirilən tədbirlərdən, bölgələrdə cəmiyyətin, xüsusilə də gənc nəslin ənənəvi dini və milli dəyərlərimiz haqqında doğru və sağlam mənbələrə əsaslanan biliklərlə təmin olunması istiqamətində həyata keçirilən dini maarifləndirmə tədbirlərinin vacibliyindən danışıb.
Tədbirdə erkən nikaha daxilolma məsələsinə də toxunulub. Çıxış edənlər belə mənfi hallara qarşı sərt mübarizənin aparılmasının, təhsil müəssisələrində, ictimai yerlərdə, kütləvi informasiya vasitələrində davamlı izahat-maarifləndirmə və ictimai qınaq tədbirlərinin keçirilməsinin vacibliyini vurğulayıblar.
Sonda gəncləri maraqlandıran suallar cavablandırılıb.