Gənclər üçün “viki” təlimlərə start verilib
Bakı, 3 iyul, AZƏRTAC
“Qorqud” Vikipediya Metodik Klubunun, Türk Ağsaqqalları İctimai Birliyinin və “BZT ACADEMY”nin birgə təşkilatçılığı ilə “viki” təlimlərə start verilib.
Bu barədə AZƏRTAC-a “Vikipediya” üzrə mütəxəssis, diaspor üzrə araşdırmaçı-ekspert Elnur Eltürk məlumat verib. O bildirib ki, “Sənlə Vikipediya, daha gözəldir!” layihəsi çərçivəsində gənclərə “Vikipediya”da məqalə yaratmaq, redaktə etmək və tam peşəkar formada fəaliyyət göstərmələri ilə bağlı proqram üzrə 10 dərs keçiriləcək. İştirakçılar 10 dərsdən sonra “AzViki”nin “Təcrübəli istifadəçi” kateqoriyasında fəaliyyətlərinə davam edəcəklər.
“Təlimlər Qorqud Vikipediya Metodik Klubunun təlimçisi, Türk Ağsaqqalları İctimai Birliyinin Gənclər Təşkilatının sədr müavini, Vətən müharibəsi qazisi Qədir Quliyev tərəfindən keçiriləcək. Təlimin açılışını edən Qorqud Vikipediya Metodik Klubunun eksperti, Türk Ağsaqqalları İctimai Birliyinin Gənclər Təşkilatının həmsədri Sübhan Xıdırzadə təcrübəsini iştirakçılarla bölüşüb. Qeyd edək ki, gənclər arasında “Vikipediya”ya maraq ildən-ilə daha da artır”, - deyə Elnur Eltürk vurğulayıb.