Gənclər Ulu Öndər Heydər Əliyevin siyasi irsini öyrənirlər - Gəncədə panel müzakirə
Gəncə, 17 aprel, AZƏRTAC
Gəncə şəhər Heydər Əliyev Mərkəzi və Gənclərin İnkişaf və Karyera Mərkəzinin Gəncə-Daşkəsən regional nümayəndəliyinin birgə təşkilatçılığı ilə “Heydər Əliyev irsi, müasir liderlik və gənclərin dövlətçilikdə rolu” mövzusunda panel iclas təşkil olunub. Tədbir Ümummilli Lider Heydər Əliyevin zəngin irsinin təbliği məqsədilə “Əbədiyaşar lider Heydər Əliyev xatirələrdə” layihəsi çərçivəsində reallaşıb.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, çıxış edənlər Ümummilli Lider Heydər Əliyevin Azərbaycan tarixində silinməz iz qoyaraq dövlət quruculuğunun əsas prinsiplərini müəyyənləşdirməsindən, xalqın milli kimliyinin və müstəqilliyinin qorunub möhkəmləndirilməsində mühüm rol oynamasından danışıblar.
Gəncə şəhər Heydər Əliyev Mərkəzinin direktoru İlknur İsgəndərovanın moderatorluğu ilə keçirilən paneldə Milli Məclisin deputatı Pərvin Kərimzadə, deputat Müşfiq Cəfərov və Yeni Azərbaycan Partiyasının Gəncə şəhər təşkilatının sədri Bayram Aslanov çıxış ediblər. Qeyd olunub ki, müasir liderlik anlayışı təkcə idarəetmə bacarığı ilə məhdudlaşmır bu, eyni zamanda məsuliyyət, uzaqgörənlik, xalqa bağlılıq və milli dəyərlərə sədaqəti özündə birləşdirir. Bu keyfiyyətlər isə Heydər Əliyev siyasi məktəbinin əsas sütunlarını təşkil edir. Bildirilib ki, Ümummilli Lider tərəfindən əsası qoyulan gənclər siyasəti Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir və nəticədə ölkədə güclü, vətənpərvər gənc nəsil formalaşıb.
Panel müzakirələr fikir mübadiləsi ilə davam edib, iştirakçıları maraqlandıran suallar ətraflı cavablandırılıb.
Müxbir - Elcan Məmmədov