“Gənclərin qrafologiya məktəbi” layihəsinin təqdimatı keçirilib
Naxçıvan, 29 oktyabr, AZƏRTAC
Naxçıvan Dövlət Universitetində “Gənclərin qrafologiya məktəbi” layihəsinin təqdimatı keçirilib.
AZƏRTAC xəbər verir ki, universitetin Tələbə-Gənclər Təşkilatının təşəbbüsü ilə keçirilən tədbirdə çıxış edən YAP Universitet şəhərciyi ərazi ilk partiya təşkilatının sədri Arzu Abdullayev qrafologiya elmi haqqında ətraflı məlumat verib. Bildirib ki, yazının insanın xarakteri ilə əlaqəsi var, eləcə də o, ən azı insanın hiss və davranışları haqqında məlumat verə bilər.
Universitetin Hüquq fənləri kafedrasının müəllimi, Tələbə-Gənclər Təşkilatının sədri Əziz Qasımov qeyd edib ki, bu elm sahəsinə dair geniş tədqiqatlar aparılır və yazının analizi ilə fizioloq, psixoloq və məhkəmə-tibbi ekspertləri maraqlanırlar.
Daha sonra Hüquq fənləri kafedrasının müəllimi, Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin Əlyazmaların, səslərin və sənədlərin texniki ekspertizası bölməsinin böyük eksperti Emin Əliyev çıxış edərək vurğulayıb ki, qrafologiya elmi insanın davranışlarını, istəklərini tapmaqda və insanın kimliyinin analizində ən etibarlı vasitə sayılır. Əl yazısı insanın iqtisadi mənşəyini, yaşayışını, həyatdakı mövqeyini və təhsilini əks etdirir.