“GENDER BƏRABƏRLİYİ NAMİNƏ HÖKUMƏT-VƏTƏNDAŞ CƏMİYYƏTİ TƏRƏFDAŞLIĞI” MÖVZUSUNDA IV MİLLİ KONFRANS KEÇİRİLMİŞDİR
Tədbirdə çıxış edən UNİFEM-in baş texniki məsləhətçisi Kristin Arab qadın problemlərinin həlli, gender bərabərliyi istiqamətində işlərin həyata keçirilməsində Azərbaycanın bir sıra digər ölkələrə örnək ola biləcəyini qeyd etmişdir.
Ailə, Qadın və Uşaq problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova ölkəmizdə qadın hüquqlarının qorunması, gender bərabərliyi, qadınların vəziyyəti, onların statusunun qaldırılması sahəsində qazanılan nailiyyətlərdən danışmışdır.
Ölkədə və regionda sülhün qorunub saxlanılması məqsədi ilə 2002-ci ildə Koalisiya-1325 qadın qrupunun yaradıldığını xatırladan H.Hüseynova, ümummilli lider Heydər Əliyevin ölkəmizdə qadın problemlərinin həllinə, dövlət qadın siyasətinin həyata keçirilməsinə dair verdiyi fərman və sərəncamların bu sahəyə göstərdiyi diqqət və qayğının bariz nümunəsi olduğunu bildirmişdir.
Koalisiya-1325 qadın qrupunun sədri Sacidə Əbdülvahabova rəhbərlik eydiyi qurumun Azərbaycanda qadın hərəkatında danılmaz rolundan danışmışdır. Bu qurum 4 illik fəaliyyəti müddətində qaçqın və məcburi köçkün qadınların şəbəkəsi də daxil olmaqla yeni qadın hərəkatı formalaşdırmışdır.
Konfransda “Qadın hüquqları və gender bərabərliyinə doğru”, “Erkən nikah və ailə zorakılığı”, “Sülh yaratmaqda qadın yanaşması” və başqa mövzularda məruzələr dinlənilmişdir.