“Gender əsaslı zorakılığa qarşı 16 günlük fəallıq” – GDU-da dəyirmi masa
Gəncə, 26 noyabr, Elcan Məmmədov. AZƏRTAC
Gəncə Şəhər İcra Hakimiyyəti və Gəncə Dövlət Universitetinin (GDU) birgə təşkilatçılığı ilə “Gender əsaslı zorakılığa qarşı 16 günlük fəallıq” kampaniyası çərçivəsində dəyirmi masa təşkil edilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, tədbirdə universitetin Humanitar məsələlər üzrə prorektoru Gülsüm Fətəliyeva çıxış edərək, tədbirin önəmindən söz açıb.
Gəncə Şəhər İcra Hakimiyyəti başçısının müavini Adil Tağıyev çıxışında bildirib ki, Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyasının 1999-cu il 17 dekabr tarixli qərarına əsasən 25 noyabr bütün dünyada “Qadınlara qarşı zorakılığa qarşı beynəlxalq mübarizə günü” kimi qeyd olunur. Ölkəmizdə “Gender əsaslı zorakılıqla mübarizə” kampaniyasının həyata keçirilməsi məqsədilə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən “25 noyabr – Qadınlara qarşı zorakılıqla beynəlxalq mübarizə gününə dair 16 günlük kampaniya çərçivəsində keçiriləcək tədbirlər üzrə İş Planı” hazırlanıb. Həmin iş planına uyğun olaraq, Gəncə Şəhər İcra Hakimiyyəti tərəfindən müxtəlif tədbirlərin icrasına başlanılıb və bu fəaliyyətlər 16 gün davam edəcək.
Dəyirmi masada məişət zorakılığı qurbanlarına göstərilən xidmətlər, QHT və dövlət qurumları arasında əməkdaşlıq, hüquq-mühafizə orqanlarında məişət zorakılığına qarşı mübarizə tədbirləri və gender komissiyalarının fəaliyyəti: problemlər və təkliflər mövzularında çıxışlar dinlənilib.
Sonda mövzu ətrafında müzakirələr aparılıb və iştirakçıların sualları cavablandırılıb.