SİYASƏT
“GENERAL ŞIXLİNSKİ” TANKERİ BAKIYA GƏTİRİLƏCƏK
Azərbaycan Dövlət Xəzər Dəniz Gəmiçiliyinin mətbuat və informasiya xidmətindən AZƏRTAC-a daxil olmuş məlumatda bildirilir ki, “General Şıxlinski” tankerində yanğın tam söndürülmüş və beləliklə, gəminin yük tankları qorunmuşdur.
İyulun 8-də Respublika Prokurorluğunun və Daxili İşlər Nazirliyinin 6 əməkdaşından ibarət istintaq qrupu “General Şıxlinski” tankerində baş vermiş partlayışın səbəblərini araşdırmaq məqsədi ilə Türkmənbaşı limanına yola düşmüşdür. Eyni zamanda, birgə təhqiqat aparmaqdan ötrü Türkmənistan tərəfi də öz mütəxəssislərindən ibarət istintaq qrupu göndərmişdir. Təhqiqatın nəticələri barədə əlavə məlumat veriləcəkdir.
Hazırda Bakıdan göndərilmiş bir neçə gəmi “General Şıxlinski” tankerinə yan alaraq, yanğının söndürülməsi zamanı gəmiyə dolmuş suyu nasoslar vasitəsilə çəkir və dənizi çirkləndirməmək üçün başqa tankerə vururlar.
İstintaq komissiyası öz işini qurtardıqdan sonra “General Şıxlinski” tankeri yedəyə alınaraq Bakıya gətiriləcəkdir.