“Genoside Almanax” kitabının təqdimatı keçirilmişdir
Bakı, 7 noyabr (AZƏRTAC). Noyabrın 7-də Azərbaycan Yazıçılar Birliyinin (AYB) “Natəvan” klubunda Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondunun dəstəyi ilə “İrəli” İctimai Birliyi və “İrəli” ədəbi məclisi tərəfindən hazırlanmış “Genoside Almanax” kitabının təqdimat mərasimi keçirilmişdir.
AZƏRTAC xəbər verir ki, “İrəli” İctimai Birliyinin sədri Rauf Mərdiyev “Gənc yazarlara dəstək” layihəsi çərçivəsində “Elm və təhsil” nəşriyyatında Azərbaycan və rus dillərində nəşr olunmuş “Genoside Almanax” kitabında əsrimizin əvvəllərindən indiyə qədər mənfur qonşularımızın xalqımızın başına gətirdikləri faciələrlə bağlı materialların dərc olunduğunu bildirmişdir. Kitabda əsrin əvvəllərində - 1918-ci ildə Bakıda və digər qəzalarda törədilmiş soyqırımı aktına dair tanınmış ziyalıların və tədqiqatçıların əsərlərinin toplandığı bildirilmişdir. Natiq üç fəsildən ibarət olan kitabda keçən əsrin əvvəllərində görkəmli Azərbaycan ziyalıları - Üzeyir Hacıbəyli, Əhməd bəy Ağaoğlu, Əlimərdan bəy Topçubaşov və başqalarının publisistik yazıları ilə birgə, tarixi sənədlərin də surətlərinin yer aldığını vurğulamışdır. Həmçinin 1992-ci ildə Xocalı və digər rayonlarda ermənilərin törətdikləri faciələrin gənc qələm sahiblərinin bədii və publisist əsərlərinin və fotoların dərc olunduğu vurğulanmışdır.
Milli Məclisin deputatı Aqil Abbas, Dağlıq Qarabağın azərbaycanlı icmasının sədri Orxan Əkbərov, Gənclər Fondunun sədri Fərhad Hacıyev və başqaları Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi haqqında həqiqətlərin dünyada yayılmasına gənclərin böyük töhfə verə biləcəyindən danışmışlar.
AYB-in katibi Rəşad Məcid, yazıçı-publisist İradə Tuncay və başqaları kitabı zərurətdən nəşr adlandırmış və kitabın türk, ingilis alman, fransız və başqa dillərə tərcümə olunmasının vacibliyini söyləmişlər.
Sonda “İrəli” ədəbi məclisinin sədri və kitabın tərtibatçısı Orxan Muxtarlı tədbirin təşkilatçılarına və iştirakçılarına minnətdarlığını bildirmişdir.