İQTİSADİYYAT
Gömrük Akademiyası: Avropa İttifaqı ölkələrinin universitetləri ilə əməkdaşlığın gücləndirilməsi prioritetdir
Bakı, 26 noyabr, AZƏRTAC
Noyabrın 24-də Hüquq-Mühafizə Təlimləri üzrə Avropa İttifaqı Agentliyinin (CEPOL) Beynəlxalq Əməkdaşlıq İdarəsinin müdir müavini Qabor Kemenyi və Avropa İttifaqının (Aİ) “Mütəşəkkil Cinayətkarlığa qarşı Təlim və Əməliyyat Tərəfdaşlığı” (TOPCOP) layihəsinin fəaliyyət meneceri Frans Murman Dövlət Gömrük Komitəsinin Akademiyasının (DGKA) fəaliyyəti ilə tanış olublar.
Akademiyadan AZƏRTAC-a bildirilib ki, DGKA-da keçirilmiş görüşdə Akademiyanın rəisi, gömrük xidməti general-mayoru Qulu Novruzov ali təhsil müəssisəsinin fəaliyyəti barədə danışıb.
O, Akademiyanın gömrük təlim-tədris qurumu və eyni zamanda, Ümumdünya Gömrük Təşkilatının Regional Təlim Mərkəzi kimi fəaliyyətindən bəhs edib. Qeyd edilib ki, Gömrük Akademiyası üçün Aİ-yə daxil olan ölkələrin universitetləri və təlim-tədris mərkəzləri ilə əməkdaşlığın gücləndirilməsi prioritet sahədir və bu sahədə mühüm addımlar atılır.
Qulu Novruzov DGKA-nın CEPOL ilə “TOPCOP” layihəsi çərçivəsində əməkdaşlığının ölkənin gömrük xidməti kadrlarının potensialının gücləndirilməsi və peşəkar hazırlığı üçün yeni təlim-tədris imkanları yaratdığını diqqətə çatdırıb.
Şanlı Azərbaycan Ordusunun müstəsna qəhrəmanlığı sayəsində və Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan torpaqlarının işğaldan azad olunması uğrunda 44 gün davam edən, milli Qələbə ilə başa çatan Vətən müharibəsi nəticəsində Azərbaycan ərazilərinin Ermənistan silahlı qüvvələrinin işğalından azad edildiyini diqqətə çatdıran Akademiya rəisi bütövlükdə ölkənin gömrük sektorunda kadr potensialının yaranmış yeni çağırışlara uyğun olaraq gücləndirilməsinin zəruri olduğunu bildirib.
Tərəflər daha sonra ikitərəfli əməkdaşlıq istiqamətləri və perspektivlər haqqında müzakirə aparıblar. CEPOL əməkdaşları Qabor Kemenyi və Frans Murman DGKA ilə əməkdaşlıqdan böyük məmnuniyyət duyduqlarını, əməkdaşlığın genişləndirilməsini arzu etdiklərini və bunun üçün zəruri dəstəyi təmin etməyə hazır olduqlarını vurğulayıblar.
Xatırladaq ki, DGKA “TOPCOP” layihəsi çərçivəsində Azərbaycanda gömrük xidməti orqanlarının kadr potensialının gücləndirilməsi üzrə məsul qurumdur.