Gömrük Akademiyasında mart soyqırımı qurbanları anılıb
Bakı, 31 mart, AZƏRTAC
Martın 31-də Dövlət Gömrük Komitəsinin Akademiyasında 31 Mart - Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar anım mərasimi keçirilib.
Dövlət Gömrük Komitəsinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, tədbir 1918-ci ilin mart soyqırımı qurbanlarının xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.
Dövlət Gömrük Komitəsi Akademiyasının rəis müavini, gömrük xidməti polkovniki Nizami Quliyev xalqımıza qarşı törədilmiş soyqırımının tarixi, 1918-ci ilin mart-aprel aylarında Bakı, Şamaxı, Quba, Muğan və Qarabağ bölgələrində minlərlə azərbaycanlının xüsusi amansızlıqla qətlə yetirilməsi, on minlərlə insanın evlərindən didərgin salınması barədə məlumat verib.
Erməni millətçiləri tərəfindən zaman-zaman xalqımıza qarşı yürüdülən etnik təmizləmə və soyqırımı siyasətinin bu gün də davam etdiyi bildirilib. Qeyd edilib ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi zamanı erməni yaraqlıları tərəfindən həyata keçirilmiş və öz amansızlığı ilə seçilən vəhşiliklər, Ermənistanın ölkəmizə qarşı yürütdüyü işğalçılıq siyasəti, Xocalı soyqırımı, Azərbaycan Respublikasının digər rayonlarının işğalı və işğalın ağır nəticələri, işğal olunmuş ərazilərimizdəki mədəniyyət abidələrinin dağıdılması, xalqımıza qarşı yürüdülən bu etnik təmizləmə və soyqırımı mahiyyət etibarilə Ermənistanın separatçılıq, terrorçuluq siyasətinin tərkib hissəsidir.
Həmçinin 31 martın Azərbaycanlıların Soyqırımı Günü kimi qeyd olunması haqqında Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 26 mart 1998-ci ildə imzaladığı fərmanın tarixi əhəmiyyəti vurğulanıb, bu sənədin xalqımızın milli şüurunda və özünüdərkində mühüm rol oynadığı diqqətə çatdırılıb.
Sonra akademiyanın birinci kurs tələbəsi Günay Qələndərzadə 31 mart qırğınının bütün təfərrüatlarını əks etdirən təqdimatla çıxış edib.
Daha sonra Akademiyanın əlavə təhsil şöbəsinin müəllimi Müzəffər Qurbanlı və karyera bölməsinin əməkdaşı Rəşad Zeynalov Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar fikirlərini bölüşüblər.
Tədbir 31 Mart - Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı kadrların nümayişi ilə başa çatıb.