Görmə məhdudiyyətli uşaqlar səhnədə “Sərhədsiz imkanlar”ı nümayiş etdiriblər
Bakı, 1 iyun, AZƏRTAC
1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə 5 nömrəli Respublika xüsusi internat məktəbində "Azərbaycan Gözdən Əlillər Cəmiyyəti (AzGƏC)" İctimai Birliyi tərəfindən "Sərhədsiz imkanlar" inklüziv konserti keçirilib.
AZƏRTAC xəbər verir ki, "İşıqlı istedadlar" layihəsi çərçivəsində təşkil olunan tədbir Azərbaycanın Dövlət Himninin səsləndirilməsi ilə başlayıb.
Əvvəlcə cəmiyyətin fəxri üzvlərindən biri, layihə koordinatoru Elnar Musayev iki ildir davam edən layihə barədə ətraflı məlumat verib, onun vasitəsilə əlilliyi olan şəxslərlə cəmiyyət arasında mədəniyyət körpüsünün qurulduğunu və inklüziv mühitin təşviqinin təmin edildiyini diqqətə çatdırıb. Hazırda layihənin davamlılığının təşkili üçün bir sıra tədbirlərin təşkil edildiyini bildirən E.Musayev həmin tədbirlərdən birinin də 1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr edilmiş “Sərhədsiz imkanlar” inklüziv konsert proqramı olduğunu qeyd edib.
Daha sonra çıxış edən Milli Məclisin deputatı Aydın Mirzəzadə, AzGƏC-in prezidenti Səmyar Abdullayev, internat məktəbinin direktoru İradə Vəzirova, telejurnalist Lalə Qəzənfər Uşaqların Beynəlxalq Müdafiəsi Gününün bütün dünyada olduğu kimi, Azərbaycanda da qeyd olunduğunu, bu günün əsas məqsədinin uşaqların hüquqlarının qorunmasına diqqət çəkmək, onların sağlam, təhlükəsiz və xoşbəxt mühitdə böyüməsinin vacibliyini vurğulamaq olduğunu deyiblər. Qeyd olunub ki, uşaqlar cəmiyyətin gələcəyi hesab olunur və onların rifahı hər bir dövlətin prioritet istiqamətlərindən biridir. Bildirilib ki, Azərbaycanda da uşaqların sağlam, xoşbəxt və firavan gələcəyinin təmin olunması dövlət siyasətinin mühüm istiqamətlərindən biri kimi daim diqqət mərkəzində saxlanılır. Xüsusilə həssas təbəqədən olan uşaqlara göstərilən qayğı onların gələcəyə inamla addımlamasına xidmət edir. Onların sosial müdafiəsinin gücləndirilməsi, təhsil imkanlarının artırılması, cəmiyyətə inteqrasiyası və psixoloji dəstəklə təmin olunması istiqamətində ardıcıl tədbirlər görülür. Həmin təbəqədən olan uşaqlar üçün həyata keçirilən sosial layihələr, təhsil və dəstək proqramları onların həyatına yeni ümidlər gətirir. Çünki uşaqların gülüşü yalnız bu günün sevinci deyil, həm də sabahın ən qiymətli təminatıdır. Xüsusilə əlilliyi olan uşaqların cəmiyyətə inteqrasiyası, onların təhsil, yaradıcılıq və inkişaf imkanlarının genişləndirilməsi mühüm əhəmiyyət daşıyır. Bu uşaqların hər biri özünəməxsus bacarıq və istedada malikdir və düzgün dəstək göstərildikdə böyük uğurlara imza ata bilirlər.
Natiqlərin sözlərinə görə, təşkil olunan tədbirlər, görüşlər və sosial layihələr dövlətin və cəmiyyətin bu uşaqlara göstərdiyi diqqət və qayğının nümunəsidir. Bu cür tədbirlər uşaqların mənəvi dəstəklə əhatə olunmasına, onların sevinc və rifahının artırılmasına, öz potensiallarını reallaşdırmasına, cəmiyyət həyatında daha fəal iştirak etməsinə şərait yaradır. Çünki hər bir uşağın içində kəşf olunmağı gözləyən bir istedad, dəstəklənməyi gözləyən bir ümid var.
Daha sonra Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr olunmuş videoçarx nümayiş etdirilib.
Tədbir görmə məhdudiyyətli uşaqların iştirakı ilə bədii proqramla davam edib. Onlara səhnədə incəsənət xadimləri də dəstək olublar.
Sonda uşaqlara hədiyyələr təqdim olunub.
Müxbir - Göyçək Mahmudlu