GÖRÜŞDƏ PREZİDENT SEÇKİLƏRİNƏ HAZIRLIQLA BAĞLI MƏSƏLƏLƏR MÜZAKİRƏ OLUNMUŞDUR
AZƏRTAC xəbər verir ki, iyunun 25-də ABŞ-ın ölkəmizdəki səfiri Ann Ders Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahovla görüşmüşdür.
MSK-nın mətbuat xidmətindən bildirmişlər ki, görüşdə səfir A.Ders demişdir ki, seçkilərin azad və ədalətli, demokratik keçirilməsi demokratiyanın göstəricisi hesab edilir və Birləşmiş Ştatlar da Azərbaycanın dostu kimi bu ölkədə demokratik təsisatların möhkəmlənməsində maraqlıdır. Mərkəzi Seçki Komissiyasının seçkilərə hazırlıqla bağlı gördüyü işləri izlədiyini bildirən xanım Ders demişdir ki, MSK-nın aşağı seçki komissiyaları üçün həyata keçirdiyi maarifləndirmə proqramları və seçici siyahılarının dəqiqləşdirilməsi sahəsində gördüyü işlər təqdirəlayiqdir. O, Mərkəzi Seçki Komissiyasının seçkilərə hazırlıqla bağlı gerçəkləşdirmək istədiyi planlarla da maraqlanmışdır.
Məzahir Pənahov Azərbaycanın strateji tərəfdaşı olan ABŞ-ın ölkəmizdəki səfirliyi ilə əməkdaşlıqdan məmnunluq duyduğunu bildirmiş və ölkədə demokratiyanın inkişafına dair hər iki dövlətin başçısının fikirlərinin üst-üstə düşdüyünü vurğulamışdır. MSK sədri prezident seçkilərinin ədalətli, şəffaf və demokratik şəraitdə keçirilməsi üçün bütün zəruri addımların atılacağını, Azərbaycan Respublikası vətəndaşlarının seçki hüquqlarının tam təmin olunacağını əminliklə söyləmişdir. O qeyd etmişdir ki, Prezident İlham Əliyevin “Azərbaycan Respublikasında insan hüquqlarının müdafiəsi üzrə Milli Fəaliyyət Planı”nına uyğun olaraq, dairə və məntəqə seçki komissiyaları üzvlərinin peşəkarlıq səviyyələrinin artırılması məqsədi ilə kurslar, seminarlar təşkil olunmuşdur. Bundan əlavə, KİV nümayəndələri üçün də seminar keçirilmişdir. Seçici siyahılarının dəqiqləşdirilməsi ilə bağlı MSK-nın qaynar xətti fəaliyyət göstərir, hazırlanmış 2 reklam çarxı mütəmadi olaraq ölkə telekanallarının efirlərində verilir.
Sədr gələcəkdə atılacaq addımlar barədə də məlumat vermişdir.