Göyçay çayı üzərində müvəqqəti yolun inşası üçün hazırlıqlara başlanılıb VİDEO
Bakı, 4 iyun, AZƏRTAC
Göyçay çayı üzərində müvəqqəti alternativ yolun inşası üçün hazırlıqlara başlanılıb. Müvəqqəti yol mövcud körpüdən təqribən 200 metr aralıda salınacaq.
Bu barədə AZƏRTAC-a Avtomobil Yolları Dövlət Agentliyinin mətbuat xidmətindən bildirilib.
Məlumata əsasən, ötən gündən etibarən Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin və “Körpübinatikinti” ASC-nin tikinti briqadaları və ağır texnikası əraziyə cəlb olunub. Hazırda ərazidə çaya qədər olan yolun avtoqreyderlə düzləşdirilməsi və çayda suyun kənardan mərkəzə yönəldilməsi üçün axın istiqamətinin dəyişdirilməsi tədbirləri görülür.
Növbəti mərhələdə çay məcrasına dəmir-beton borular qoyularaq üzərində müvəqqəti yol salınacaq və avtonəqliyyat vasitələrinin hərəkəti bərpa olunacaq. Sel sularının kəsildiyi andan bu işlərin bir həftə ərzində yekunlaşdırılması nəzərdə tutulub. Bu müddət ərzində sürücülər Göyçay-Ucar yolundan istifadə etməklə rayon mərkəzinə gedə bilərlər.
Əhalinin Göyçay çayı üzərindən piyada keçidinin təmin olunması üçün şəhərin şimalındakı köhnə asma körpüdə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən təmir-bərpa işləri aparılıb və orada insanların təhlükəsiz hərəkəti üçün şərait yaradılıb.
Müvəqqəti yolun salınması ilə paralel olaraq, yaxın müddət ərzində mövcud körpünün bərpasına da başlanılacaq. Bunun üçün körpünün yuxarı hissəsində çaysahili torpaq qatının selin təsiri nəticəsində dağılmasının qarşısının alınması üçün suistiqamətləndirici beton bəndin tikilməsinə başlanılır. Artıq bunun üçün ərazidə hazırlıq işləri aparılır.
Qeyd olunub ki, iyun ayının 2-də axşam saatlarında sel suları nəticəsində Bakı-Şamaxı-Yevlax avtomobil yolunun Göyçay çayı üzərində yerləşən, yanaşma yolları ilə bərabər 76,6 metr uzunluğa malik avtomobil körpüsünün sol yanaşma yolunun bir hissəsi uçub.
Sel sularının sutənzimləyici qurğunu yuması nəticəsində su yanaşma yolunun torpaq yatağına daxil olub. Nəticədə yolun torpaq yatağı yuyulub və körpüyə yanaşma yolunda uçqun baş verib. Uçmuş yol hissəsinin uzunluğu təqribən 25 metr, hündürlüyü isə 12,5 metr təşkil edir.