SİYASƏT
GÖYÇAY VƏ AĞDAŞ RAYONLARINDA İNSAN HÜQUQLARININ MÜDAFİƏSİ İLƏ BAĞLI İCTİMAİ DİNLƏMƏLƏR KEÇİRİLMİŞDİR
AZƏRTAC xəbər verir ki, iyulun 14-də Göyçay Rayon İcra Hakimiyyətində “İnsan Hüquqları üzrə Milli Fəaliyyət Planının tətbiqi vəziyyəti, ölkədə insan hüquqlarının müdafiəsi sahəsində həyata keçirilən islahatlar və prespektivlər” mövzusunda ictimai dinləmələr keçirilmişdir.
Hüquq mühafizə orqanlarının, idarə və müəssisə rəhbərlərinin, bələdiyyələrin və QHT nümayəndələrinin iştirak etdikləri ictimai dinləmələrdə Azərbaycan Respublikasının insan hüquqları üzrə müvəkkili Elmira Süleymanova İnsan Hüquqlarının Müdafiəsi üzrə Milli Fəaliyyət Planının tətbiqi vəziyyəti, ölkəmizdə bu sahədə həyata keçirilən islahatlar və perspektivlər barədə məlumat vermişdir. Ombudsman çıxışında seçki hüququnun həyata keçirilməsi ilə bağlı məlumat verərək bildirmişdir ki, Milli Fəaliyyət Planına uyğun olaraq, dairə və məntəqə seçki komissiyalarının sədrləri üçün seçki hüququ üzrə ixtisaslaşdırılmış treninq-seminarlar keçirilmişdir.
Göyçay Rayon İcra Hakimiyyətinin başçısı Mənsur Məmmədov, rayon prokuroru Ramiz Qafarov, məhkəmənin sədri Elxan Süleymanov və başqaları mövzu ətrafında çıxış etmiş, Milli Fəaliyyət Planına uyğun olaraq yerlərdə görülmüş işlərdən danışmışlar.
Həmin gün Elmira Süleymanova mövzu ilə bağlı Ağdaşda keçirilən dinləmələrdə də məruzə etmişdir.