REGİONLAR
Göyçayda şəhid Vidadi Xəlilovun xatirəsi anılıb
Göyçay, 1 noyabr, AZƏRTAC
Göyçayda Vətən müharibəsində şəhidlik zirvəsinə yüksələn polkovnik-leytenant Vidadi Xəlilovun vəfatının ildönümü ilə əlaqədar anım mərasimi keçirilib. Mərasimdə rayon icra hakimiyyətinin başçısı Mehdi Səlimzadə, Milli Məclisin deputatları Sabir Hacıyev, Məzahir Əfəndiyev, Müdafiə Nazirliyi “N” saylı hərbi hissəsinin əməkdaşları, hüquq-mühafizə orqanlarının rəhbərləri, rayon ictimaiyyətinin nümayəndələri, ağsaqqallar və şəhidin ailə üzvləri iştirak ediblər.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, mərasim iştirakçıları Göyçaydakı Şəhidlər xiyabanında şəhid Vidadi Xəlilovun məzarını ziyarət edərək gül dəstələri düzüblər. Çıxışlarda şəhidin qısa, şərəfli ömür yolundan danışılıb. Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın müzəffər Ordusunun Ermənistanın 30 il ərzində qurduğu istehkamları 44 günə darmadağın edərək, düşmənin kapitulyasiya aktına imza atmağa məcbur etdiklərini söyləyiblər.
Bildirilib ki, Vidadi Vaqif oğlu Xəlilov 1982-ci il iyulun 16-da Göyçayda ziyalı ailəsində doğulub. 1999-cu ildə Heydər Əliyev adına Ali Hərbi Məktəbinə yüksək nəticələrlə qəbul olunub. 2003-2004-cü illərdə Müdafiə Nazirliyinin təlim-tədris mərkəzində ixtisas kursu keçib. 2004-cü ildə Müdafiə Nazirliyinin əmrinə əsasən xidməti davam etdirmək üçün Azərbaycan Silahlı Qüvvələrinin “N” saylı hərbi hissəsinə göndərilib. O, müxtəlif hərbi hissələrdə işini şərəf və ləyaqətlə yerinə yetirərək polkovnik-leytenant rütbəsinə qədər yüksəlib.
Polkovnik-leytenant Vidadi Xəlilov və əsgərləri Vətən müharibəsi döyüşlərində Füzuli, Murov, Qubadlı, Laçın istiqamətlərində hərbi əməliyyatlar apararaq, həmin ərazilərin işğaldan azad olunmasında peşəkarlıq nümayiş etdiriblər. O, ötən il oktyabrın 30-da Laçın dəhlizində şəhidlik zirvəsinə yüksəlib. Doğma yurdu olan Göyçay şəhərindəki Şəhidlər xiyabanında dəfn edilib.
Bu gün Göyçayın ən abad küçələrindən biri şəhid polkovnik-leytenant Vidadi Xəlilovun adını daşıyır. Habelə şəhidin yaşadığı küçədə adına bulaq inşa edilib.
Mərasimdə şəhidin ailə üzvləri göstərilən diqqət və qayğıya görə ölkə başçısına minnətdarlıqlarını bildiriblər.