Göygölün daha bir kəndi qazlaşdırılıb
Bakı, 27 dekabr, AZƏRTAC
Göygöl rayonunun Çaykənd kəndinə təbii qaz verilib.
SOCAR-ın “Azəriqaz” İstehsalat Birliyindən AZƏRTAC-a bildirilib ki, “Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrası istiqamətində birlik tərəfindən respublika ərazisində qaz təchizatı sisteminin yenidən qurulması, kənd və qəsəbələrin qazlaşdırılması, həmçinin uzun müddət təbii qaz almayan yaşayış məntəqələrinin yenidən “mavi yanacaq”la təmin edilməsi istiqamətində görülən məqsədyönlü tədbirlər nəticəsində respublikanın qaz təchizatı şəbəkəsi genişləndirilir və müasirləşdirilir. Dekabrın 27-də Göygöl rayonunun Çaykənd kəndinə təbii qazın verilməsi sakinlərinin böyük sevincinə səbəb olub.
Ümumilikdə 590 fərdi evdən ibarət olan yaşayış məntəqəsinin qaz təsərrüfatının yenidən qurulması üçün birpilləli sistem əsasında ümumi uzunluğu 38 min 256 metr müxtəlif diametrli polad borularla daşıyıcı, məhəllədaxili qaz xətləri çəkilib, hər bir mənzilə sayğac və fərdi tənzimləyici quraşdırılıb. Yeni qazlaşdırılan yaşayış sahələrində qaz şəbəkəsinin qurulmasında birpilləli tənzimləmə sistemi tətbiq edilib ki, bu da hər bir abonentin fərdi qaz tənzimləyicidən istifadə etməsinə və istehlakçılara ötürülən qazın sabit rejimdə saxlanılmasına zəmin yaradır.
Sakinlər yaşayış məntəqəsinə təbii qazın verilməsinə görə Azərbaycan Prezidentinə minnətdarlıqlarını bildiriblər.