GÜLƏŞÇİLƏRİMİZİN UGURLARI PREZİDENT İLHAM ƏLİYEVİN İDMANA QAYĞISININ NƏTİCƏSİDİR
Aprelin 9-da Azərbaycan Güləş Federasiyasının prezidenti Fazil Məmmədov Finlandiyanın Tampere şəhərində keçirilmiş sərbəst, yunan-Roma və qadın güləş növləri üzrə Avropa Çempionatında iştirak etmiş Azərbaycan güləşçiləri və onların məşqçilərini qəbul etmişdir. F.Məmmədov güləşçilərimizin çempionatda hər üç növ üzrə böyük uğurlar əldə etdiyini vurğulamış, bu nəticələrin ölkə Prezidenti İlham Əliyevin idmana qayğısının nəticəsi olduğunu qeyd etmişdir.
Xatırladaq ki, sərbəst güləşçilərimizdən Çamsulvara Çamsulvarayev (74 kq), Novruz Temrezov (84 kq) və Əli İsayev (120 kq) Avropa çempionatının bürünc medallarına sahib olmuşlar. 66 kq çəki dərəcəsində üçüncü yer uğrunda qarşılaşmada erməni rəqibini məğlub edən Emin Əzizov bürünc medal qazanmaqla yanaşı, həm də Pekin Olimpiadasına vəsiqə qazanmışdır.
Federasiya prezidenti yığma komandamızın liderlərindən olan Xetaq Qazyumovun (96 kq) hakimlərin qərəzi üzündən həm medallar, həm də Olimpiya Oyunlarına lisenziya uğrunda mübarizədən kənar qalmasına da toxunmuş, Beynəlxalq Güləş Federasiyasının (FİLA) İcraiyyə Komitəsinin toplantısında qarşılaşmanın videogörüntülərinin nəzərdən keçirildiyini, idmançımıza qarşı baş verən ədalətsizliyin sübuta yetirildiyini və görüşün hakimlərinin cəzalandırıldığını bir daha diqqətə çatdırmışdır.
Sərbəst güləşçilərimizin komanda hesabında ötən birinciliklə müqayisədə 6 pillə irəliləyərək 31 ölkə arasında 3-cü yer tutduğunu qeyd edən F.Məmmədov yığmamızın Ukrayna, Belarus, Türkiyə, Bolqarıstan, Yunanıstan, Almaniya, Macarıstan kimi zəngin güləş ənənələrinə malik ölkələri arxada qoymasının qürurverici fakt olduğunu bildirmişdir.
Qadın güləşçilərimizdən Mariya Stadnikin (48 kq) qızıl, Elvira Mürsəlovanın (59 kq) isə gümüş medallara sahib olmasına toxunan Federasiya prezidenti son bir il ərzində görülən işlər nəticəsində yığmamızın qadın güləşi üzrə də xeyli irəliləyişə nail oduğunu və ilk dəfə olaraq komanda hesabında 3-cü yer tutaraq bürünc kuboka layiq görüldüyünü vurğulamışdır.
Yunan-Roma güləşçisi Rövşən Bayramovun (55 kq) finalda Ermənistan idmançısına qalib gələrək həm qızıl medal, həm də Pekində keçiriləcək Olimpiya Oyunlarına lisenziya qazanmasını xüsusi qeyd edən F.Məmmədov idmançılarımızın növbəti lisenziya xarakterli yarışlarda da uğurla çıxış edəcəyinə və Olimpiadada ölkəmizi layiqincə təmsil edəcəyinə əmin olduğunu bildirmişdir.
Sonda qaliblər mükafatlandırılmışlar.
