CƏMİYYƏT
Gülnaz Dadaşova: Şuşada türk dövlətləri arasında imzalanacaq memorandumlar dostluğumuza töhfə verəcək
Bakı, 7 oktyabr, AZƏRTAC
Türk Dövlətləri Birinci Kardioonkoloji Konqresinin Bakıda keçirilməsi qürurverici hadisədir. Türk dövlətlərinin səhiyyə sahəsi üzrə aparıcı mütəxəssislərinin, o cümlədən kardioloq, onkoloq, hematoloq və radioloqların bu tədbirdə iştirak etməsi çox yaxşı haldır. Eyni zamanda, məqsədimiz dövlətimizin xarici siyasətinin prioritet istiqamətlərindən biri olan türk dövlətləri arasında münasibətlərin möhkəmlənməsinə töhfə verməkdir. Əminəm ki, konqresin eyni kökə malik xalqların səhiyyə sistemlərinin müştərək fəaliyyətinə böyük faydası olacaq.
AZƏRTAC xəbər verir ki, bu fikirləri jurnalistlərə açıqlamasında Səhiyyə Nazirliyi Elmi-Tədqiqat Kardiologiya İnstitutunun direktoru professor Gülnaz Dadaşova deyib.
Konqresin oktyabrın 4-dən başladığını deyən professor həm kardiologiya, həm də onkologiya sahəsində kurslar keçirildiyini diqqətə çatdırıb: “Bütün dünyada ölümlərin əsas səbəbləri arasında ürək-damar və onkoloji xəstəliklər liderlik təşkil edir. İki xəstəliyin eyni şəxsdə qeydə alındığı durumlarda multidisiplinar komanda formasında - kardioloq, onkoloq, hematoloq və radioloqların bir yerdə fəaliyyət göstərməsi vacibdir. Konqres 2022-ci ildə Barselonada qəbul olunan yeni tövsiyələrə dair məlumatların geniş tibb heyətinə çatdırılması və türk dövlətlərinə aid kardioloqların bir araya gəlməsi baxımından böyük əhəmiyyətə malikdir. Biz bu ənənəni davam etdirmək fikrindəyik. Düşünürük ki, bu tədbir türk dövlətləri arasında dostluğun gücləndirilməsinə və müştərək səhiyyə siyasətinin formalaşmasına gətirib çıxaracaq. Tədbirə böyük maraq var. Beş yüzə qədər kardioloq, onkoloq və hematoloq qeydiyyatdan keçib. Konqresdə türk dövlətlərindən 15-ə yaxın mütəxəssis iştirak edir. Eyni zamanda, Azərbaycanın bölgələrindən maraq böyükdür. Bu, xəstələrə göstərilən xidmətin keyfiyyətinə də müsbət təsir edəcək”.
Oktyabrın 8-də Şuşada keçiriləcək tədbir barədə məlumat verən institutun direktoru orada mühüm qərarların qəbul olunacağını vurğulayıb: “Bir sıra türk dövlətlərinin həm səhiyyə nazirləri, həm də rəhbərlikləri arasında müqavilələr imzalanacaq. Həmin tarixi hadisələrin Şuşada baş verməsi hər bir azərbaycanlı üçün qürur mənbəyidir. Əlamətdar hadisələrdə iştirak etdiyimiz üçün Prezident İlham Əliyevə dərin minnətdarlığımızı bildiririk. Arzusunda olduğumuz torpaqlarda türk dövlətlərinin birliyini göstərən, səhiyyə sisteminin birgə fəaliyyətinə vəsilə olacaq memorandumların imzalanması həm dostluğumuza, həm də müştərək layihələr həyata keçirilməsinə töhfə verəcək”.