GUÖAM ÖLKƏLƏRİ SƏYLƏRİNİ BİRLƏŞDİRİRLƏR
Fevralın 26-da Bakıda GUÖAM çərçivəsində terrorizmlə, mütəşəkkil cinayətkarlıqla və narkotiklərin yayılması ilə mübarizə üzrə işçi qrupunun üçüncü iclası işə başlamışdır.
İclasın işində GUÖAM-ın üzvü olan ölkələrin - Gürcüstan, Ukrayna, Azərbaycan və Moldovanın hüquq mühafizə orqanlarının nümayəndə heyətləri ilə yanaşı, ABŞ, Türkiyə, Rumıniya, ATƏT, BMT və Dünya Bankının, Cənub-Şərqi Avropa Kooperasiyası Təşəbbüs Mərkəzinin təmsilçiləri də iştirak edirlər.
İclasın əvvəlində Azərbaycan daxili işlər nazirinin müavini Zahid Dünyamalıyev dedi ki, indiki iclas Xocalı faciəsinin növbəti ildönümü günü ilə bir vaxta düşmüşdür. O, Xocalı soyqırımı qurbanlarının xatirəsini bir dəqiqəlik sükutla anmağı təklif etdi.
Sonra nümayəndə heyətlərinin rəhbərləri çıxış edərək bildirdilər ki, GUÖAM ölkələri ABŞ, beynəlxalq təşkilatlar ilə birlikdə nəqliyyat dəhlizlərinin təhlükəsizliyi üçün bütün tədbirləri görmək, beynəlxalq terrorizmlə, mütəşəkkil cinayətkarlıq və narkobizneslə mübarizə sahəsində sıx əməkdaşlıq etmək əzmindədirlər.
İclas iştirakçıları ikinci iclasın, GUÖAM Dövlətləri Xarici İşlər Nazirləri Şurası iclasının yekunlarının həyata keçirilməsi məsələlərini, “Ticarətə və nəqletməyə yardım, sərhəd və gömrük nəzarətinin təmin olunması, terrorizmlə, mütəşəkkil cinayətkarlıqla və narkotiklərin yayılması ilə mübarizə üzrə GUÖAM-ABŞ çərçivə proqramı”na dair təklif və layihələri müzakirə edəcəklər. İclasda GUÖAM-ın Virtual Mərkəzinin və antiterror fəaliyyəti barədə məlumatların mübadiləsi üzrə vahid informasiya məkanı yaradılması məsələləri də nəzərdən keçiriləcəkdir.
İclas fevralın 27-də öz işini davam etdirəcəkdir.