GÜRCÜSTAN AZƏRBAYCANLILARININ “YENİ YOL” BİRLƏŞMİŞ İTTİFAQI AZƏRBAYCAN PREZİDENTİNİN XARİCDƏKİ SOYDAŞLARIMIZA QAYĞISINI YÜKSƏK QİYMƏTLƏNDİRİR
Gürcüstandakı soydaşlarımızın bu günlərdə yaradılmış “Yeni yol” Birləşmiş İttifaqı Dünya azərbaycanlılarının həmrəyliyi günü ərəfəsində - dekabrın 29-da Tbilisidə yığıncaq keçirmişdir. Yığıncaqda Gürcüstan hökumətinin nümayəndələri, Azərbaycanın Tbilisidəki səfiri Hacan Hacıyev, azərbaycanlı ziyalılar və ittifaqın yerlərdəki təmsilçiləri iştirak etmişlər.
AZƏRTAC-ın Gürcüstandakı xüsusi müxbiri xəbər verir ki, yığıncaqda səfir H.Hacıyev Prezident Heydər Əliyevin Dünya azərbaycanlılarına müraciətinin mətnini oxudu və həmrəylik günü münasibətilə Gürcüstan azərbaycanlılarını təbrik etdi.
Natiqlər cənab Heydər Əliyevin xaricdə yaşayan həmvətənlərimizə qayğısından danışdı, Dünya azərbaycanlılarının 1-ci qurultayından sonra Xarici Ölkələrdə Yaşayan Azrəbaycanlılarla İş üzrə Dövlət Komitəsi yaradılması haqqında bu il iyulun 5-də imzaladığı Fərmanı bu qayğının bariz təzahürü kimi qiymətləndirdi və əmin olduqlarını bildirdilər ki, Komitə xaricdəki soydaşlarımızın təşkilatlanmasında, diasporumuzun yaradılmasında və məqsədyönlü fəaliyyət göstərməsində mühüm rol oynayacaqdır.
Yığıncaqda Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsinin fəaliyyətindən də geniş söhbət getdi, xüsusi nəzərə çarpdırıldı ki, bu qurum fəaliyyətə başladığı ilk günlərdən Prezident Heydər Əliyevin göstəriş və tövsiyələrini rəhbər tutaraq, xaricdəki, o cümlədən Gürcüstandakı soydaşlarımızla sıx əlaqə saxlayır. Komitənin məsul işçiləri dəfələrlə Gürcüstanda olmuş, soydaşlarımızın təşkilat və birliklərinin rəhbərləri ilə görüşmüş, onların problemləri ilə maraqlanmış, bu problemlərin həlli üçün tədbirlər görmüşlər. Çıxış edənlər məhz Prezident Heydər Əliyevin səyləri sayəsində Gürcüstanla Azərbaycan arasında əlaqələrin genişləndiyini, gürcü və Azərbaycan xalqları arasında dostluğun daha da möhkəmləndiyini və bunun iki ölkə üçün yaxşı nəticələr verdiyini diqqətə çatdırdılar. Onlar xüsusi qeyd etdilər: Gürcüstan azərbaycanlıları çox yaxşı bilirlər ki, onların arxasında qüdrətli Azərbaycan dövləti, xalqımızın müdrik oğlu, dünya şöhrətli siyasi xadim Heydər Əliyev durur. Prezident Heydər Əliyevin Gürcüstan azərbaycanlılarına qayğı və diqqəti onları həm Azərbaycanın, həm də Gürcüstanın dövlət müstəqilliyinin möhkəmlənməsi uğrunda var qüvvə ilə çalışmağa ruhlandırır.
Gürcüstan azərbaycanlılarının “Yeni yol” Birləşmiş İttifaqının sədri Kamal Muradxanov çıxışında əmin etdi ki, bu qurum soydaşlarımızın problemlərinin həlli, Gürcüstan-Azərbaycan münasibətlərinin daha da genişlənməsi istiqamətində səylərini əsirgəməyəcək, gürcü və Azərbaycan xalqları arasında dostluğun möhkəmlənməsinə öz töhfəsini verəcəkdir.
Sonda Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevə, Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsinə müraciət qəbul olundu.