GÜRCÜSTAN ZİYALILARININ BORÇALI AŞIQLARI İLƏ GÖRÜŞÜ
Azərbaycan ozan sənətinin ən güclü qollarından biri olan Borçalı aşıq məktəbinin nümayəndələri təkcə öz doğma diyarında deyil, Türkiyədə, İranda, Şimali Qafqazda, bir sıra yaxın və uzaq ellərdə də şöhrət qazanmışlar. Onlar çox-çox keçmişlərdə olduğu kimi, indi də öz bənzərsiz ifaçılığı, gənclərə vətənpərvərlik, vətənə məhəbbət, qeyrət hissləri aşılayan şerləri ilə məşhurdurlar və ulu el sənətinin ənənələrini səylə davam etdirirlər.
Gürcüstan ziyalıları ilə Borçalının adlı-sanlı aşıqlarının bu günlərdə Tbilisidəki M.F.Axundov adına Azərbaycan Mədəniyyəti Mərkəzində keçirilən görüşündə bu barədə, habelə Borçalıda aşıq sənəti, söz-saz ustadlarımızın yaradıcılığından, onların qarşılaşdığı problemlərdən ətraflı söhbət getdi.
Görüşdə Mədəniyyət Mərkəzinin direktoru Məmməd Gülməmmədov, “Gürcüstan” qəzetinin baş redaktoru Süleyman Süleymanov, professor Valeh Hacıyev, Gürcüstan radiosunun Azərbaycan dilində verilişlər şöbəsinin redaktoru Mirzə Maşov və başqaları çıxışlarında Borçalı aşıqlarının müasir dövrdə yaradıcılığından, ölkə rəhbərliyi tərəfindən onlara daim qayğı göstərildiyindən, Borçalı aşıq sənətinin layiqli davamçılarının yetişdirlməsi sahəsində görülən işlərdən danışdılar.
Aşıqlardan Aslan Kosalı, Məhəmməd Sadaxlı və digər ustadlar çıxış edərək, Borçalı aşıq sənətinin yaşaması, zənginləşməsi üçün diqqət və köməklərinə görə Azərbaycan və Gürcüstan rəhbərliyinə təşəkkürünü bildirdilər.
Sonda Marneuli, Qardabani, Bolnisi, Dmanisi, Saqareco, Kaspi rayonlarından, habelə qardaş Türkiyədən gəlmiş aşıqlar geniş konsert proqramı ilə çıxış etdilər.
Şahismayıl Məmmədov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi