Gürcüstanın xarici borcu ÜDM-in 58 faizini təşkil edir
Tbilisi, 9 iyun, AZƏRTAC
Gürcüstanın xarici dövlət borcu ümumi daxili məhsulun (ÜDM) 58 faizini təşkil edir. Bu göstərici ölkə konstitusiyası və iqtisadi qanunvericilik aktlarında xarici borcla bağlı nəzərdə tutulan göstəricidən 2 faiz azdır.
AZƏRTAC xəbər verir ki, bu barədə Gürcüstan hökumətinin koronavirus pandemiyası ilə əlaqədar dövlət büdcəsinin yenilənmiş layihəsində deyilir.
Layihə artıq parlamentin müzakirəsinə çıxarılıb.
Bildirilir ki, hazırda Gürcüstanın xarici dövlət borcu 18 milyard laridir və ilin sonuna bu rəqəmin 22 milyard lariyə qədər artacaq. Gürcüstan hökuməti 2020-2024-cü illər ərzində xaricdən 16,6 milyard lari kredit almaq niyyətindədir. Hökumətin xarici borcla əlaqədar proqnozlarına əsasən, 2020-ci ildə 7,1 milyard lari, 2021-ci ildə 3,4 milyard lari, 2022-ci ildə 2,1 milyard lari, 2023-cü ildə 2 milyard lari, 2024-cü ildə isə 2 milyard lari həcmində kredit alınacaq.
Qeyd olunur ki, 2013-cü ildən sonra Gürcüstanın xarici borcu iki dəfə artıb. Cari ildə pandemiya ilə əlaqədar bu rəqəm 3 dəfə yüksəlib.
Mütəxəssislər və iqtisadçı ekspertlərin fikrincə, Gürcüstanın xarici borcu təhlükəli həddə çatmayıb. Əgər kreditlərdən səmərəli istifadə edilsə, dövlət və hökumət üçün faciəli heç nə olmayacaq.
Bir qrup ekspert isə hesab edir ki, həddən artıq xarici borc xarici investorların cəlb olunmasında problemlər yarada bilər.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi