HACIQABUL GÖLÜNÜN PROBLEMLƏRİ ÖYRƏNİLİR
BURADA EKOLOJİ FƏLAKƏTİN QARŞISINI BİRGƏ SƏYLƏ ALMAQ OLAR
Azərbaycan Ornitoloji Cəmiyyətindən AZƏRTAC-a bildirmişlər ki, qurum 2007-ci ilin fevral ayından “Hacıqabul gölündə göydimdik ördəyin qorunması” layihəsini həyata keçirir.
Layihədə Hacıqabul gölünün ekoloji cəhətdən təhlükə altında olduğu nəzərə alınaraq gölün ətraflı öyrənilməsi, mövcud və potensial təhlükələrin araşdırılıb üzə çıxarılması, onların aradan qaldırılması yollarının müəyyən edilməsi nəzərdə tutulur. Azərbaycan Ornitoloji Cəmiyyətinin əməkdaşları, AMEA-nın Zoologiya və Coğrafiya institutlarının alimləri, əlaqədar yerli təşkilatlar birgə tədqiqatlar aparmışlar. Nəticədə “Hacıqabul gölünün müasir ekoloji vəziyyəti“ kitabı işıq üzü görmüşdür. Kitabda problemlər və onların həlli yolları geniş şərh olunmuşdur. Qeyd edilir ki, gölün mühafizə statusu yoxdur, onun icarəyə verilməsi ornitofaunanın qorunmasına müəyyən qədər şərait yaratsa da, gölə su verilməməsi, burada suyun səviyyəsinin aşağı düşməsi, gölətrafı dayazlıqların və balıqçılıq nohurlarının quruması əsas təhlükə mənbəyidir. Göldə suyun azalması və ətrafdakı su-bataqlıq sahələrindəki quraqlıq su biosenozlarının məhvinə səbəb olur. Bunlar isə quşların qışlama, yuvalama, qidalanma və gecələmə yerlərinin itirilməsi deməkdir. Buna görə də həmin ərazilər icarəyə verilərkən icarədara gölün əhəmiyyəti izah edilməli və onların qarşısında lazımi mühafizə tədbirlərinin görülməsi ilə bağlı tələblər qoyulmalıdır. İcarədarlar və yerli əhali üçün seminarlar, məşğələlər keçirilməlidir. Gölün kifayət qədər şirin su ilə təmin olunması təcili şəkildə həyata keçirilməlidir. Məktəblilərin, tələbələrin, yerli əhalinin ekoloji maarifləndirilməsi də vacib şərtdir. Bütün bunlar isə səyləri birləşdirməyi tələb edir.
Layihə çərçivəsində elmi tədqiqatlarla yanaşı, bir sıra digər işlər də görülmüş, o cümlədən göl, buradakı nadir quşlar haqqında plakatlar, broşürlər, təqvim və s. buraxılmış və yaxınlıqdakı yaşayış məntəqələrinin sakinlərinə paylanmışdır.