Hacıqabul, Samux və Tovuzda rayon polis şöbələrinin yeni inzibati binalarının açılışı olmuşdur
Bakı, 10 may (AZƏRTAC). Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, ulu öndər Heydər Əliyevin anadan olmasının 88-ci ildönümü ərəfəsində Hacıqabul, Samux və Tovuz Rayon Polis şöbələrinin (RPŞ) yeni inzibati binalarının açılışı olmuşdur. Hər üç tədbirdə daxili işlər naziri, general-polkovnik Ramil Usubov iştirak etmişdir.
Daxili işlər naziri adları çəkilən polis şöbələrinin açılışını bildirən lentləri kəsmiş və binalarla yaxından tanış olmuşdur. Tikintisinə ötən ilin aprelində başlanmış inzibati binalar ən müasir standartlara uyğun tikilmiş, bütün zəruri avadanlıq, kommunikasiyalar və mühəndis qurğuları ilə təchiz edilmiş, xüsusi təyinatlı mebel və inventarla təmin olunmuşdur. İnzibati binalarda qeydiyyat və şəxsiyyət vəsiqəsi, dövlət yol polisi bölmələri, növbətçi hissə və digər xidməti otaqlar yaradılmışdır. Ərazilərdə abadlaşdırma, yaşıllaşdırma və xarici işıqlandırma işləri yerinə yetirilmiş, istilik qazanxanası, transformator məntəqəsi və digər mühəndis qurğular tikilmişdir.
Nazir Ramil Usubov növbətçi hissələrə, xidməti otaqlara, o cümlədən xüsusi avadanlıq və kompyuter sistemi ilə təchiz edilmiş tədris otaqlarına, akt zallarına, müvəqqəti saxlama təcridxanalarına baxmış, ümummilli lider Heydər Əliyevin zəngin dövlətçilik fəaliyyətini, Prezident İlham Əliyevin daxili və xarici siyasət sahəsində əldə etdiyi uğurları, daxili işlər orqanlarına xüsusi diqqət və qayğısını əks etdirən guşə və fotostendlərlə tanış olmuşdur. Görülən işləri yüksək qiymətləndirən daxili işlər naziri əməkdaşların normal fəaliyyət göstərməsi üçün lazımi şəraitin yaradılmasından məmnunluğunu bildirmiş, tövsiyələrini vermişdir. O vurğulamışdır ki, Prezident İlham Əliyev daxili işlər orqanlarının ictimai qaydanın qorunmasında, cinayətkarlıqla qətiyyətli mübarizədə, dövlətçiliyin cinayətkar qəsdlərdən qorunmasında, insan hüquq və azadlıqlarının təminində müstəsna rolunu hər zaman yüksək qiymətləndirir, onun lazımi texniki vasitələr və avadanlıqla təchizatına xüsusi diqqət yetirir. Məhz belə ali diqqət və qayğı sayəsində bu gün Daxili İşlər Nazirliyi müasir tələblərə cavab verən texniki və xüsusi vasitələrlə təmin olunmuşdur, şəxsi heyətin iş, həmçinin sosial-məişət şəraiti ilbəil yaxşılaşmaqdadır. Bütün bunlar şəxsi heyəti daha yaxşı işləməyə ruhlandırır, polislə ünsiyyətdə olan vətəndaşların rahatlığına xidmət edir.
Daxili işlər naziri Ramil Usubov əmin olduğunu bildirmişdir ki, Hacıqabul, Samux və Tovuz RPŞ-lərin şəxsi heyəti göstərilən yüksək diqqət və qayğıya sabitliyin, əmin-amanlığın etibarlı qorunması, cinayətkarlıqla qətiyyətli mübarizə sahəsində öz nümunəvi xidməti ilə cavab verəcəkdir.