İQTİSADİYYAT
“Hacıqabul Süd” MMC-yə məxsus şirniyyat sexində şərq şirniyyatı və pirojna istehsalı qadağan edilmişdir
Bakı, 14 noyabr (AZƏRTAC). Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi yanında Texniki Tənzimləmə və Standartlaşdırma üzrə Dövlət Nəzarəti Xidmətinin Salyan ərazi idarəsi tərəfindən Hacıqabulda fəaliyyət göstərən “Hacıqabul Süd” MMC-də şirniyyat məhsullarının istehsalına dövlət nəzarəti həyata keçirilmişdir.
Bu barədə AZƏRTAC-a komitənin mətbuat xidmətindən məlumat vermişlər.
Araşdırma zamanı müəyyən olunmuşdur ki, emal olunan şərq şirniyyatının uyğunluq, pirojnanın uyğunluq və gigiyenik sertifikatları, reseptura və texnoloji prosesi reqlamentləşdirən sənədlər, o cümlədən xammalların müvafiq sənədləri yoxdur. Müəssisədə sanitariya norma və qaydaları pozulmuş, hazır məhsulların və xammalın saxlanılması standartın tələblərinə uyğun olmamışdır.
Aşkar edilən bu və digər nöqsanlarla əlaqədar “Hacıqabul Süd” MMC-yə məxsus şirniyyat sexində şərq şirniyyatı və pirojna istehsalı və satışı qadağan edilmişdir.