REGİONLAR
Hacıqabulda Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü ilə bağlı tədbir keçirilib
Hacıqabul, 29 dekabr, Aydın Yavərzadə, AZƏRTAC
31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü ilə əlaqədar Hacıqabul rayon Mədəniyyət Evində tədbir keçirilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, “Xocalı Soyqırımını Tanıtma” İctimai Birliyi, Hacıqabul Rayon İcra Hakimiyyəti və rayon Mədəniyyət şöbəsinin birgə təşkilatçılığı ilə keçirilən tədbirdə Ulu Öndər Heydər Əliyevin və şəhidlərin xatirəsi anılıb, Dövlət Himni səsləndirilib.
Tədbirin aparıcıları Həmrəylik Gününün tarixi, ictimai-siyasi əhəmiyyəti haqqında tamaşaçılara məlumat veriblər.
“Xocalı Soyqırımını Tanıtma” İctimai Birliyinin həmtəsisçisi, jurnalist Şamil Sabiroğlu 1989-1994-cü illərdə və Vətən müharibəsi zamanı ön cəbhədə qarşılaşdığı maraqlı hadisələr barədə danışıb. O, Vətən müharibəsində, həmçinin 2023-cü il sentyabrın 19-20-də aparılan lokal antiterror əməliyyatları zamanı Azərbaycan əsgərinin qəhrəmanlığını, lider-xalq-ordu birliyini, həmçinin diaspor fəallarının fədakarlığını qeyd edib.
Hacıqabul rayon sakini, şəhid Hüseyn Abbasovun anası Güldanə Bağırova, I və II Qarabağ müharibələrinin iştirakçısı, qanlı döyüşlər zamanı 3 dəfə yaralanmış mayor Muxtar Həşimov Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında işğaldan azad olunan ərazilərdə böyük quruculuq işlərinin aparıldığını vurğulayıblar.
Dörd kitabın müəllifi olan şairə Lətifə Rəşid şəhid analarına, tarixi Qələbəmizə həsr etdiyi şeirlərini söyləyib. Sonra müğənnilər Vətənə, torpağa, ordumuza həsr olunan mahnılar ifa ediblər.