Hande Harmancı: Pandemiya hələ bitməyib
Bakı, 7 aprel, AZƏRTAC
Bu il Ümumdünya Sağlamlıq Günü “Bizim planetimiz bizim sağlamlığımızdır” şüarı ilə keçirilir. Doğrudan da, bizim üzərində yaşamağımız üçün başqa bir planet yoxdur, ona görə də yaşadığımız dünyanı qorumaq və onun qayğısına qalmaq lazımdır. Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Azərbaycandakı nümayəndəsi Hande Harmancı jurnalistlərə verdiyi müsahibəyə bu sözlərlə başlayıb. “Hazırda bir çox Avropa ölkələrində yeni növ koronavirusa (COVID-19) yoluxma sayında artım müşahidə olunur. Bəzi Şərqi Avropa ölkələrində yoluxmanın artmasının səbəbi “omikron” ştamı ilə əlaqələndirilir. Bu, bir daha onu göstərir ki, pandemiya hələ bitməyib”, - deyə o bildirib.
AZƏRTAC xəbər verir ki, H.Harmancı daha sonra deyib: "Son vaxtlar “omikron” ştamının B1 və B2 növləri yaranıb və B2 növü daha sürətli yayılma xüsusiyyətinə malikdir. Risk qrupuna daxil olan şəxslərin, yaşı 65-dən çox olanların, hamilə qadınların bu ştamdan özünü qoruması lazımdır. Qapalı məkanlarda maskadan istifadə olunması da çox vacib məsələdir. Hazırda Azərbaycanda əhalinin peyvəndlənmə göstəricisi 48 faizdən yuxarıdır, lakin bu sahədə hədəf 70 faizi adlamaqdır. Son günlər ölkədə yoluxma və ölüm halında azalma müşahidə olunsa da, pandemiyanın hələ də davam etdiyini unutmaq olmaz".