HƏMİDƏ XANIM MƏMMƏDQULUZADƏ-CAVANŞİRİN EV MUZEYİ AÇILACAQDIR
Rayon mədəniyyət şöbəsinin müdiri Rza Quliyev AZƏRTAC-ın müxbirinə demişdir ki, Həmidə xanım fəxr etdiyimiz həmyerlilərimizdəndir. Həmidə xanım 1907-ci ildə doğma kəndi Kəhrizlidə qadınlar üçün ilk məktəb və toxuculuq emalatxanası açmış, 1908-1917-ci illərdə fəaliyyət göstərmiş Qafqaz Müsəlman Qadınları Xeyriyyə Cəmiyyətinin yaradıcılarından biri və sədr müavini olmuşdur. “Molla Nəsrəddin” jurnalının nəşrində, onun səhifələrində qadın azadlığı məsələlərinin işıqlandırılmasında xidməti olmuşdur. Atası- “Qarabağ xanlığının siyasi vəziyyətinə dair (1747-ci ildən 1805-ci ilə qədər)” əsərinin müəllifi Əhməd bəy Cavanşirin və Cəlil Məmmədquluzadənin tərcümeyi- hallarını, M.Ə.Sabir haqqında xatirələr yazmış, Azərbaycan yazıçılarının əsərlərindən ruscaya tərcümələr etmişdir.
Ev muzeyinin yerləşəcəyi bina rayon icra hakimiyyəti rəhbərliyinin köməyi ilə əsaslı şəkildə təmir olunmuşdur. Hazırda eksponatların toplanması ilə məşğuluq. Bu işdə rayon əhalisinin yaşlı nümayəndələrinə-dünyasını 1955-ci ildə dəyişmiş Həmidə xanımla ünsiyyətdə olanlara arxalanırıq. Əlbəttə, Mirzə Cəlil ailəsinin yaxınlarına, bu böyük demokratın Bakıdakı ev muzeyinin əməkdaşlarına da ümid bəsləyirik. Muzeyi gələn il istifadəyə verməyi nəzərdə tutmuşuq.