Həmyerlilərimiz Vyana şəhər marafonunda iştirak ediblər
Vyana, 24 aprel, AZƏRTAC
Aprelin 23-də Vyana şəhərində ənənəvi 34-cü şəhər marafonu keçirilib. Marafonda dünyanın 125 ölkəsindən 42 766 peşəkar və həvəskar idmançı iştirak edib. Bu, marafonun tarixində rekord göstərici olub. İdmançılardan təxminən 9 mini isə tam məsafəni qaçan atletlər arasında yer alıb.
Builki şəhər marafonunda ölkəmizdən iki nəfər də iştirak edib. Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin ölkəmizin Avstriyadakı səfirliyi nəzdindəki hərbi nümayəndəsinin müavini, polkovnik-leytenant Azər Heybətli ATƏT yanında akkreditə olunmuş hərbi nümayəndələrdən ibarət komandalardan birinin tərkibində marafona qatılıb.
Hər il olduğu kimi, bu il də marafonçuları dəstəkləyən insanlar xoş məram nümayiş etdirərək “Make-A-Wish” xeyriyyə cəmiyyətinin hesabına pul köçürüblər.
Vyana Universitetində hüquq təhsili alan Rafael Kamil isə Azərbaycan bayrağı ilə marafona qatılaraq, 42,195 km məsafəni qət edib və tam məsafəni qaçan atletlər üçün nəzərdə tutulan medalla təltif olunub.
34-cü Vyana Şəhər Marafonunun qalibi 23 yaşlı keniyalı Albert Korir olub. O, marafon məsafəsini 2:08:40 saata qət edərək, həmyerlisi və ikinci yerin sahibi İşmael Buşendiçi iki saniyə qabaqlayıb. Üçüncü yeri də keniyalı idmançı Ezekiel Omullo tutub.
Elgün Niftəli
AZƏRTAC-ın xüsusi müxbiri
Vyana