HƏQİQƏTİ TƏRƏNNÜM EDƏN ŞAİRİN YARADICILIQ GECƏSİ KEÇİRİLMİŞDİR
Teatrdan AZƏRTAC-ın müxbirinə demişlər ki, gecədə teatrın direktoru Arif Qazıyev, Milli Məclisin deputatı, şair Zəlimxan Yaqub, xalq artistləri Habil Əliyev, Şəfiqə Axundova, İslam Rzayev, Bəstəkarlar İttifaqının birinci katibi, xalq artisti, professor Vasif Adıgözəlov, Edenburq Universitetinin professoru, şair Qulamrza Təbrizi, MEA-nın müxbir üzvü, professor Vasim Məmmədəliyev, akademik Budaq Budaqov və başqaları çıxış edərək, tanınmış şair Azərbaycan ədəbiyyatının inkişafında mühüm rol oynamış geniş yaradıcılığından, dərin məzmunu, yüksək poetik məziyyətləri və ictimai-fəlsəfi siqləti ilə səciyyələnən əsərlərindən danışmış, onun təkcə şair kimi deyil, həm də böyük ictimai-siyasi xadim, tədqiqatçı alim, mahir pedaqoq və gözəl publisist kimi fəaliyyətindən söhbət açmışlar.
Natiqlər vurğulamışlar ki, Bəxtiyar Vahabzadənin şer və poemaları, səhnə əsərləri daim böyük rəğbət və ehtiramla qarşılanmışdır. Təsadüfü deyildir ki, şairin yüksək ideallar tərənnüm edən və həqiqətin özünü göstərən poeziyasındakı, eyni zamanda Vətənlə, xalqla, ana dilimizlə qırılmaz tellərlə bağlı olan hər bir misrasındakı hikmət ölkəmizin müstəqilliyi uğrunda vətənpərvər mübarizlərin yetişməsində mühüm rol oynamış və gənc nəslin vətənpərvərlik ruhunda tərbiyəsində bir örnək olmuşdur.
Xalq şairi Bəxtiyar Vahabzadə yaradıcılığına göstərilən diqqətə və ehtirama görə gecənin təşkilatçılarına və iştirakçılarına dərin minnətdarlığını bildirmişdir.
Gecədə incəsənət ustalarını ifasında şairin sözlərinə yazılmış mahnılar oxunmuş, böyük şöz ustasının şerləri səsləndirilmişdir.