REGİONLAR
“Həqiqətlərə giriş” kitabı “Nəsimi ili”nə töhfə olunub
Şamaxı, 4 oktyabr, AZƏRTAC
Şamaxı şəhərindəki Heydər Əliyev Mərkəzində Azərbaycan Dövlət Pedaqoji Universiteti Şamaxı filialının müəllimi, tarix üzrə fəlsəfə doktoru Fariz Xəlillinin nəşrə hazırladığı kitabların geniş ictimaiyyət üçün təqdimatı keçirilib. Tədbirdə Azərbaycan Dövlət Pedaqoji Universiteti Şamaxı filialının, Şamaxı Dövlət Regional Kollecinin müəllim və tələbələri, ziyalılar, ədəbiyyatsevərlər iştirak ediblər.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu kitablar mühacir tarixçimiz Cahangir Zeynaloğlunun 1931-ci ildə İstanbulda nəşr olunan “Şirvanşahlar yurdu”, akademik Berjenin rəhbərliyi ilə XIX əsrin sonlarında tərtib olunan “Şirvan xanlarının şəcərəsi”, İmadəddin Nəsiminin yeganə nəsr əsəri olan “Həqiqətlərə giriş” əsərlərinin Azərbaycan dilinə tərcümələridir.
Tədbirdə Şamaxı rayonu icra hakimiyyəti başçısının müavini Qasım Qasımov tarix üzrə fəlsəfə doktoru Fariz Xəlillinin Şamaxı tarix və mədəniyyətinin araşdırılmasında rolunu qeyd edib. Onun hazırladığı və nəşr etdirdiyi əsərlərin tarixi mənbələr kimi əhəmiyyətindən danışıb.
Azərbaycan Dövlət Pedaqoji Universiteti Şamaxı filialının dosenti Mail Alıcanov mühacir tarixçi Canahgir Zeynaloğlunun həyat və fəaliyyətindən bəhs edib, onun əsərlərinin Türkiyə mühitində Azərbaycan tarixi və mədəniyyətinin tanıdılmasında önəmini vurğulayıb. Habelə, “Şirvanşahlar yurdu” əsərində müəllifin Azərbaycanın istiqlal tarixinə Şirvanşahlar aspektindən baxmasından və müstəqillik ideyası varisliyindən danışıb. “Şirvan xanlarının şəcərəsi”nin isə hər bir şirvanlının stolüstü kitabı olacağını bildirib. Çünki, bu şəcərədə az qala adı çəkilməyən kənd və oba yoxdur. Nəsiminin “Həqiqətlərə giriş” nəsr əsərinin tərcüməsinin Nəsimi ilinə böyük töhfə olduğunu qeyd edib.
Təqdimat mərasimində Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzinin elmi katibi Cavid Əliyev Fariz Xəlilli və AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun elmi işçisi Şəhla Xəlillinin bu əsərləri tərcümə edərək elmimizə 3 əsəri qazandırdıqlarını deyib. Son zamanlar kitab işi sahəsində görülən işlərin və keçirilən sərgilərin kitaba marağı artırdığını bildirib.
Azərbaycan Dövlət Pedaqoji Universiteti Şamaxı filialının direktoru Tünzalə Yusifova Fariz Xəlillinin alim kimi elmi fəaliyyətindən, universitet və kollec tələbələrinin bu yeni nəşrlərdən daha çox faydalanmasının önəmli olduğundan danışıb. Cahangir Zeynaloğlunun “Şirvanşahlar yurdu” əsərinin əski Türkiyə türkcəsində, “Şirvan xanlarının şəcərəsi”nin rus dilində, Nəsiminin “Həqiqətlərə giriş” əsərinin isə Ankara Universitetinin professoru Fatih Usluərin tərcüməsi ilə orta əsrlərdə yazılmış türk dilində olduğunu qeyd edib. Əsərlərin tərcüməsinin asan başa gəlmədiyini, qarşılaşdıqları yanlışlıqların aradan qaldırılması üçün kitabları oxuyan oxucuların müraciət etmələrini xahiş edib.