HƏR BANKA ORTA HESABLA 16,8 MİLYARD MANAT NİZAMNAMƏ KAPİTALI DÜŞÜR
40 kredit təşkilatının əhalinin vəsaitini cəlb etməyə, 42-sinin xarici valyuta ilə, 1-nin qiymətli metallarla əməliyyatlar aparmağa icazəsi, 27-sinin kredit kartları ilə əməliyyatlar aparmağa lisenziyaları var.
Azərbaycanda hazırda 43 bank vardır. 16 bank xarici kapitalın iştirakı ilə fəaliyyət göstərir, onların 4-də xarici kapitalın payı 50-100 faiz, 11-də 50 faizdən azdır, 1 bank qeyri-rezident bankların filialı kimi işləyir.
Ümumiyyətlə, kredit təşkilatlarının 315 filialı var, xaricdə bir filial, bir nümayəndəlik və bir törəmə bank fəaliyyət göstərir. Qeyri-bank kredit təşkilatlarının 19 filialı var. Bir bank (Trastbank) öz fəaliyyətini dondurmuşdur.
Bu il aprelin 1-nə bankların nizamnamə kapitalı 723,3 milyard manat təşkil etmişdir ki, bu da ötən il aprelin 1-nə nisbətən 11,3 faiz çoxdur.
Nizamnamə kapitalının ümumi məbləğinin 81 milyard manatı dövlət banklarının, 642,3 milyard manatı özəl bankların payına düşür. Xarici kapitalın iştirakı ilə yaradılmış bankların nizamnamə fondu 277,3 milyard manat təşkil etmişdir ki, bu da nizamnamə fondunun ümumi həcminin 38,3 faizi qədərdir.
Hər banka orta hesabla 16,8 milyard manat nizamnamə kapitalı düşür.