İQTİSADİYYAT
Hesablama Palatası Yaponiya Audit Şurası ilə əməkdaşlığın perspektivlərini müzakirə edib


Bakı, 7 iyun, AZƏRTAC
Azərbaycan Respublikası Hesablama Palatasının sədri Vüqar Gülməmmədovun rəhbərlik etdiyi nümayəndə heyəti Yaponiyada səfərdədir.
Palatadan AZƏRTAC-a bildirilib ki, səfər çərçivəsində Hesablama Palatasının sədri iyunun 6-da Yaponiya Audit Şurasının prezidenti Morita Yuji ilə görüşüb. Görüş zamanı iki qurum arasında əməkdaşlığın perspektivləri müzakirə olunub, qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb, həmçinin qurumların fəaliyyəti barədə məlumatlandırıcı təqdimatlar dinlənilib.
Sonra nümayəndə heyəti ASOSAI (Ali Audit Qurumlarının Asiya Təşkilatı) təşkilatı nəzdində Potensialın Artırılması Administratoru qismində fəaliyyət göstərən Yaponiya Ali Audit Qurumunun təlim mərkəzi ilə tanış olub, təlimlərin təşkili və istiqaməti barədə ətraflı məlumat əldə edib.