İQTİSADİYYAT
Hesablama Palatasının nümayəndə heyəti Dubayda toplantıda iştirak edir
![](/files/galleryphoto/2022/3/1200x630/16655739304572849651_1200x630.jpeg)
![](/files/galleryphoto/2022/3/1200x630/16655739301538257456_1200x630.jpeg)
Bakı, 12 oktyabr, AZƏRTAC
Hesablama Palatasının sədri Vüqar Gülməmmədovun rəhbərlik etdiyi nümayəndə heyəti INTOSAI-ın Maliyyə Auditi və Mühasibatlıq üzrə Alt-komitəsinin oktyabrın 12-13-də Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Dubay şəhərində keçirilmiş illik toplantısına qatılıb.
Palatadan AZƏRTAC-a bildirilib ki, BƏƏ Ali Audit Qurumlarının (AAQ) prezidenti Harib Əl Əmimi alt-komitənin fəaliyyətinin dövlət auditi üçün əhəmiyyətindən bəhs edib və bu işdə töhfəsi olan hər bir üzv quruma dərin minnətdarlığını ifadə edib.
Azərbaycan Respublikası Hesablama Palatasını müşahidəçi qismində yeni üzv kimi təqdim edən Əl Əmimi Palatanın alt-komitəyə üzv qəbul edilməsindən məmnun olduğunu bildirib və Palatanın 2023-cü ildə növbəti illik toplantıya ev sahibliyi etmək təşəbbüsünü yüksək qiymətləndirdiyini qeyd edib.
Daha sonra Hesablama Palatasının sədri Vüqar Gülməmmədov çıxış edərək, alt-komitəyə məsuliyyətli işində uğurlar arzulayıb və bu işdə Palataya öz töhfələrini əsirgərməyəcəyini deyib.
Tədbirin davamında alt-komitənin iş planı təqdim edilib, bir sıra məsələlərlə yanaşı maliyyə auditi üzrə beynəlxalq standartlara düzəliş və dəyişikliklər müzakirə olunub.
Tədbir çərçivəsində Hesablama Palatası və BƏƏ Ali Audit Qurumu arasında mövcud əməkdaşlıq əlaqələrinin daha da genişləndirilməsi və BƏƏ AAQ-ının dövlət auditi sahəsində əldə etdiyi qabaqcıl təcrübələrdən faydalanmaq məqsədilə tərəflər arasında Anlaşma Memorandumu imzalanıb.
Qeyd edək ki, Hesablama Palatası INTOSAI-ın Maliyyə Auditi və Mühasibatlıq üzrə Alt-komitəyə (FAAS) 2022-ci ildə üzv qəbul olunub. Dövlət sektorunda həyata keçirilən maliyyə auditi və mühasibat uçotunun keyfiyyətinin artırılması məqsədilə yaradılmış alt-komitəyə Birləşmiş Ərəb Əmirliklərinin Dövlət Auditi Qurumu sədrlik edir və burada dünyanın əksər regionlarından müxtəlif ölkələrin Ali Audit Qurumları, eləcə də bir sıra nüfuzlu beynəlxalq təşkilatlar təmsil olunur.