Həsən Həsənov Ulu Öndər Heydər Əliyev barədə xatirələrini UNEC-in kollektivi ilə bölüşüb
Bakı, 1 dekabr, AZƏRTAC
Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illiyi münasibətilə Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) tanınmış siyasi və dövlət xadimi Həsən Həsənovla görüş keçirilib.
Bu barədə AZƏRTAC-a universitetdən məlumat verilib.
Ulu Öndər Heydər Əliyevin zəngin irsinin öyrənilməsinin, tədqiq edilməsinin və gələcək nəsillərə ötürülməsinin vacibliyini vurğulayan rektor Ədalət Muradov UNEC-də bu istiqamətdə silsilə tədbirlərin keçirildiyini xatırladıb. Qeyd edib ki, tanınmış dövlət və siyasi xadim, dəyərli alim və tədqiqatçı Həsən Həsənov Ulu Öndərin siyasi xəttinə hər zaman sadiqlik nümayiş etdirib.
Ümummilli Lider Heydər Əliyevlə ilk tanışlığının tarixçəsi ilə çıxışına başlayan Həsən Həsənov Ulu Öndərin Azərbaycanda yeni sənaye müəssisələrinin açılması, milli ordunun formalaşdırılması, ölkədə ilk ali hərbi təhsil müəssisəsinin yaradılması, Azərbaycanın beynəlxalq aləmdə tanınması, cəmiyyətdə milli düşüncənin formalaşması istiqamətində göstərdiyi misilsiz xidmətlərindən söz açıb. Ulu Öndərin hər bir məsələni real hadisələrdə görmək kimi fitri istedada malik olduğunu deyən Həsən Həsənov Ulu Öndərin təşəbbüsü ilə sovet dövründə 10 cildlik “Azərbaycan tarixi” kitabının yazılmasının, Azərbaycan əsgəri haqqında musiqinin yaradılmasının, eləcə də ölkəmiz üçün önəmli olan digər hadisələrin tarixçəsindən danışıb.
Sonda suallar cavablandırılıb.