HƏŞTƏRXANLI QONAQLAR SOYDAŞLARIMIZDIR
Soydaşlarımıza dünyanın hər yerində rast gəlmək olar.Onların əksəriyyəti ləyaqətli, doğma Azərbaycanımızı xeyirxah işləri ilə şöhrətləndirən insanlardır.
İş elə gətirib ki, Azərbaycanın bir çox oğul və qızları Rusiyanın müxtəlif regionlarında yaşayırlar. Ancaq soydaşlarımız hansı diyarda yaşayırlarsa yaşasınlar doğma yurd-yuvalarını yaddan çıxarmır, Vətənin bir udum havası üçün uzaq yol qət edirlər.
AZƏRTAC-a məlum olmuşdur ki, Rusiyanın Həştərxan vilayətində yaşayan soydaşlarımız - Ümumrusiya Azərbaycan Konqresi vilayət təşkilati sədrinin müavini Arif Əliyev qızları İrina və Elina ilə Bakıya gəlmişlər.
Əslən Gəncədən olan Arif Əliyev 35 ildən artıqdır ki, Həştərxanda yaşayır. Burada universitet bitirmiş, uzun illər dövlət qulluğunda çalışmışdır. Hazırda soydaşımız Həştərxan vilayətindən seçilmiş Rusiya Dövlət Duması deputatının köməkçisidir.
Arif Əliyev və xanımı, həkim Natalya Anatolyevnanın ailəsində üç övlad böyüyür. Oğulları Teymur Həştərxan Dövlət Texniki Universitetinin aspirantıdır. 20 yaşlı Elina da həmin ali məktəbin üçüncü kursunda təhsil alır. Arif müəllimin böyük qızı İrina Hüquq Akademiyasının məzunudur.
Elinanın daha bir sevimli məşğuliyyəti də var. O, mahnı oxumağı xoşlayır. Elina Texniki Universitetlə yanaşı, konservatoriyanın akademik vokal sinfində də təhsil alır. Bir neçə il əvvəl Əliyeva bacıları “Sən və mən” adlı estrada dueti yaratmış, dəfələrlə müxtəlif müsabiqələrdə iştirak etmiş, beynəlxalq müsabiqələrin laureatı olmuşlar. Son bir neçə ildir ki, İrina və Elina belə müsabiqələrdə Azərbaycanı təmsil edirlər. Odur ki, öz repertuarlarına Azərbaycan bəstəkarlarının bir çox mahnılarını daxil etmişlər. Qızlar Azərbaycan mahnılarının tamaşaçılar tərəfindən hərarətlə qarşılanmasından iftixar hissi keçirirlər.
Arif Əliyevin qızları ictimai işlərdə də fəal iştirak edirlər. İrina ÜAK-ın Həştərxan regional bölməsinin gənclər təşkilatına başçılıq edir. Onlar Rusiyanı şəhərbəşəhər gəzərək doğma Azərbaycanı, onun səmimi, qonaqpərvər insanlarını təbliğ edirlər. Odur ki, tarixi Vətənə hər gəlişləri qızlar üçün böyük bayramdır.