Heydər Əliyev təqaüdçülərinin ilk birgə konserti VİDEO
Bakı, 12 may, AZƏRTAC
Azərbaycan Milli İncəsənət Muzeyində ilk dəfə Heydər Əliyev təqaüdçülərinin birgə iştirakı ilə Ümummilli Liderin anadan olmasının 103 illiyinə həsr olunan instrumental kamera konserti keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbirdə çıxış edən Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) rektoru professor Ceyran Mahmudova bu mötəbər layihədə çıxış edən gənc musiqiçilərin incəsənət sahəsində artıq ilk uğurlu addımlarını ataraq, öz istedad və peşəkarlıqlarını nümayiş etdirdiyini bildirib.
Konsertdə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin I kurs magistrantı Həmayə Baxışova (fortepiano), Azərbaycan Milli Konservatoriyasının I kurs magistrantı Hüseyn Nağıyev (kamança) və Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının IV tədris ili tələbəsi Kənan Məmmədzadə (violin) çıxış ediblər.
Proqramda dahi bəstəkarlar Üzeyir Hacıbəylinin “Cəngi”, Qara Qarayevin “Pastoral”, Cövdət Hacıyevin “Ballada”, Fikrət Əmirovun “Sevil” operası mövzuları əsasında “Fantaziya”, Arif Məlikovun “İki qəlbin dastanı” baletindən “Komdenin arzuları” və digər əsərləri yer alıb.
Layihənin ideyası ADMİU-nun tələbəsi Həmayə Baxışovaya məxsusdur. Tədbirin təşkilatçısı Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetidir.
Qeyd edək ki, “Heydər Əliyev adına təqaüd” Azərbaycan Prezidentinin Sərəncamı ilə təhsildə yüksək nailiyyətləri olan 100 tələbə üçün təsis edilib.