“HEYDƏR ƏLİYEV KURSU YENİ KEYFİYYƏT HALINDA:...” KİTABININ TƏQDİMAT MƏRASİMİ KEÇİRİLMİŞDİR
Akademiyadan AZƏRTAC-a bildirmişlər ki, mərasimdə bu ali məktəbin rektoru, əməkdar elm xadimi, professor Seyfəddin Qəndilov bildirmişdir ki, ulu öndərimiz Heydər Əliyevin elmi-nəzəri və təcrübi irsinin öyrənilməsinə həsr edilmiş kitabda yeni iqtisadi düşüncəyə, müasir iqtisadi təfəkkürə malik Prezident İlham Əliyevin ümummilli liderimizin strateji kursunu keyfiyyətcə yeni səviyyəyə qaldırması, sosial-iqtisadi inkişafa dinamizm gətirən, xalqın rifahının yüksəlməsinə təsir edən praktik fəaliyyəti konkret faktik materiallar əsasında tədqiq edilir.
Qeyd olunmuşdur ki, kitabda istifadə edilən materialların əksəriyyəti ilk mənbələrə, qanunvericilik sənədlərinə əsaslanır.
Milli Məclisin iqtisadi siyasət daimi komissiyasının sədri akademik Ziyad Səmədzadə, AMEA-nın müxbir üzvü Əli Nuriyev, professor Şahlar Əsgərov və digər natiqlər də kitabın əhəmiyyətindən danışmış, onun alim və mütəxəssislər üçün çox dəyərli vəsait olduğunu söyləmişlər.
Kitabın müəllifi ümummilli liderimiz Heydər Əliyev siyasi irsinin öyrənilməsinin zəruriliyini vurğulamış, tədbir iştirakçılarına təşəkkürünü bildirmişdir.