Heydər Əliyev və müstəqil Azərbaycan
Naxçıvan, 14 may (AZƏRTAC). Naxçıvan Özəl Universitetində “Heydər Əliyev və müstəqil Azərbaycan” mövzusunda lektoriya keçirilmişdir.
Rektor İsmayıl Əliyev demişdir ki, Azərbaycan məhv olmaq təhlükəsi ilə üz-üzə qaldığı bir dövrdə ulu öndər bütün həyatını yalnız canından çox sevdiyi xalqına, onun xoşbəxt yaşamasına həsr etmişdir. Vətənin ağır günündə xalqın iradəsi ilə böyük siyasətə qayıdan Heydər Əliyev müdrik dövlət xadimi, yenilməz sərkərdə kimi Azərbaycanı düşdüyü çətin vəziyyətdən xilas etdi. Heydər Əliyevin həyata keçirdiyi xilaskarlıq missiyası nəticəsində Azərbaycan məhvolma təhlükəsindən qurtuldu. Dövlət və hakimiyyət böhranı aradan qaldırıldı, vətəndaş müharibəsinə son qoyuldu, separatçılıq meyillərinin, dövlət çevrilişi cəhdlərinin qarşısı alındı. Milli ordu yaradıldı, atəşkəs elan olundu, makroiqtisadi sabitlik təmin edildi. Yeni, azad, suveren və müstəqil dövlət yaratmaq arzusu həqiqətə çevrildi. Hüquqi və milli dövlətin formalaşması istiqamətində addımlar atıldı, müstəqilliyimizin əbədiliyi həqiqətə çevrildi. Bu gün Azərbaycan öz iqtisadi inkişafına görə dünyanın öndə gedən ölkələrindən birinə çevrilmişdir. Ölkəmizin yüksək iqtisadi inkişafının, dünyada hörmət sahibi olmasının təməlində isə məhz Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin Heydər Əliyev siyasi kursunu layiqincə davam və inkişaf etdirməsi dayanır. Ulu öndərin siyasi kursu, göstərdiyi yol elə bir yoldur ki, bu yolla irəliləyən xalq daim inkişafa, tərəqqiyə qovuşur. Azərbaycanın qazandığı nailiyyətlər buna bariz nümunədir. Ölkəmiz özünün sabit xətt üzrə inkişaf dövrünü yaşayır, yüksək bəşəri dəyərlərə, güclü iqtisadiyyata, elmi-texniki potensiala və zəngin təbii ehtiyatlara malik olmaqla sürətlə irəliyə doğru addımlayır. Şəhər və kəndlərimiz günbəgün dəyişir, regionlarımız müasirləşir. Əlbəttə ki, muxtar respublikamız da bu sürətli inkişafdan geridə qalmır. Geniş vüsət alan quruculuq-abadlıq işləri, sosial-iqtisadi, mədəni yüksəliş, təhsildə əldə olunan nailiyyətlər doğma diyarımızın xoş sabahından xəbər verir. Qazanılan uğurlar isə Heydər Əliyev siyasətinin müstəqil Azərbaycana bəxş etdiyi nurlu sabahların bəhrələridir.
Sonra mövzu ətrafında çıxışlar dinlənilmişdir.