SİYASƏT
HEYDƏR ƏLİYEVİN ƏZİZ XATİRƏSİ YADDAŞLARDAN HEÇ ZAMAN SİLİNMƏYƏCƏKDİR
AZƏRTAC xəbər verir ki, iyulun 14-də Zaqatala şəhərində görkəmli dövlət xadimi, ümummilli liderimiz Heydər Əliyevin Azərbaycanda siyasi hakimiyyətə gəlişinin 39-cu ildönümü ilə əlaqədar silsilə tədbirlər həyata keçirilmişdir.
Rayon rəhbərliyi, ictimaiyyət nümayəndələri və şəhər sakinləri əvvəlcə ümummilli liderimiz Heydər Əliyevin adını daşıyan parka gələrək ulu öndərin abidə-kompleksini ziyarət etmiş, önünə tər çiçəklər düzmüş, dahi rəhbərin ölməz ruhu qarşısında baş əyərək, ona sonsuz sevgi və ehtiramlarını bildirmişlər.
Şəhərin mərkəzi meydanında quraşdırılmış böyük ekran vasitəsilə tədbir iştirakçıları və sadə zaqatalalılar bütün gün ərzində ümummilli liderimiz Heydər Əliyevin həyat və fəaliyyətindən bəhs edən filmlərə baxmış, ulu öndərin 34 illik rəhbərliyi dövründə Azərbaycanın əldə etdiyi uğurları, nailiyyətləri bir daha göz önünə gətirmişlər.
Ümummilli liderimiz Heydər Əliyevin siyasi hakimiyyətə gəlişinin ildönümünə həsr olunmuş bayram tədbirləri geniş konsert proqramı ilə başa çatmışdır.