“HEYDƏR ƏLİYEVİN NEFT STRATEGİYASININ TƏNTƏNƏSİ” MİNİATÜR KİTABI ÇAPDAN ÇIXMIŞDIR
Kitabda Heydər Əliyev adına Bakı-Tbilisi-Ceyhan neft kəmərinin istifadəyə verilməsinə həsr olunmuş təntənəli mərasimə dair materiallar öz əksini tapmışdır. Məlum olduğu kimi, ümummilli lider Heydər Əliyevin böyük qətiyyəti, əzmkarlığı və mübarizəsi nəticəsində 1994-cü il sentyabrın 20-də “Əsrin müqaviləsi” müstəqil Azərbaycanın gələcək inkişafına birbaşa təsir göstərən böyük yolun başlanğıcını qoydu. Neftin hasilatından tutmuş onun nəqlinə qədər nəhəng bir strategiyanın hər bir mərhələsi böyük çətinliklərlə üzləşsə də, məhz Heydər Əliyev dühası, uzaqgörənliyi və mətanəti sayəsində bu maneələri aşmaq mümkün oldu. Neft strategiyasının əsas tərkib hissəsi kimi Azərbaycan neftinin Qərb bazarlarına çıxarılmasını təmin edən və özülü ümummilli liderimiz tərəfindən qoyulan Bakı-Tbilisi-Ceyhan əsas neft ixrac boru kəmərinin inşasının başa çatdırılması isə Heydər Əliyevin neft strategiyasının əsil təntənəsidir.
Miniatür kitabda Bakı-Tbilisi-Ceyhan əsas neft ixrac boru kəmərinin istifadəyə verilməsi münasibətilə 2006-cı il iyulun 13-də Türkiyənin Aralıq dənizindəki Ceyhan limanında keçirilmiş təntənəli mərasimdəki çıxışlar, o cümlədən Azərbaycan, Türkiyə və Gürcüstan prezidentlərinin nitqləri Azərbaycan və rus dillərində verilmişdir.
Nəfis şəkildə, 38 X 53 millimetr ölçüdə, 352 səhifəlik bu miniatür kitabda mərasimdə çıxış edən natiqlərin fotoşəkilləri, ümumiyyətlə 27 rəngli fotoşəkil verilmişdir. Kitabın forzasında Bakı-Tbilisi-Ceyhan əsas neft ixrac boru kəmərinin marşrut xəritəsi diqqəti cəlb edir.