HEYDƏR ƏLİYEVİN ÖLÜMÜ SUMQAYITLILARI SARSITMIŞDIR
Sumqayıt son altı ay ərzində, Prezident Heydər Əliyevin şəhərə məlum səfərindən sonra xeyli dəyişmişdir. Nəzərəçarpacaq dərəcədə canlanmış şəhər bir anda qəm dəryasına qərq olmuşdur. İnsanlar, şəhərin sakinləri bu itkidən doğan ağrını gizlədə bilmirlər.
Zəminə Həsənova da onların arasındadır. O, hələ gənc yaşlarından öz taleyini bu şəhərlə bağlamışdır. Azərbaycan boruyayma zavodunda sinkləyici işləyərkən Sosialist Əməyi Qəhrəmanı adına layiq görülmüş, dəfələrlə respublika Ali Sovetinin deputatı olmuşdur. Onun şərəfinə şerlər yazılmış, mahnılar qoşulmuşdur. İndi Zəminə xanım pensiyadadır, Prezident təqaüdçüsüdür. O, AZƏRTAC-ın müxbiri ilə söhbətində Heydər Əliyev haqqında xatirələrini göz yaşları içində bölüşdürdü.
Zəminə xanım dedi ki, bu dahi insan Azərbaycan KP MK-nın birinci katibi olarkən dəfələrlə zavodumuza baş çəkmiş və fəhlələrlə görüşüb söhbət etmiş, onları diqqətlə dinləyərək, əhval-ruhiyyələrinə görə cəmiyyətdə hökm sürən ab-havanı müəyyənləşdirmişdi. Maraqlıdır ki, belə açıq söhbətlər üçün özü şərait yaradırdı. Heydər Əliyevin uzaqgörən siyasəti sayəsində qısa müddətdə gənclər SSRİ-nin ən yaxşı ali məktəblərində təhsil alaraq, zavodun güclü mühəndislər korpusunu yaratmışdı. Bu da sonralar peşəkar milli kadrları rəhbər vəzifələrə irəli çəkməyə imkan vermişdir.
X X X
Sambo üzrə dəfələrlə Avropa və dünya çempionu Qalib Hümbətov həyəcanını gizlətməkdə çətinlik çəkirdi. “Cəmi 27 yaşım olsa da, mənə hörmətli Prezidentimizlə iki dəfə görüşmək xoşbəxtliyi nəsib olub. Onun vəfatı məni sarsıtmışdır. 1993-cü ildə dünya çempionatında uğurla çıxış etdikdən sonra mən, gümüş medalın sahibi kimi, başqaları ilə birlikdə dövlət başçısı Heydər Əliyev tərəfindən qəbul edildim. Ağır zaman idi, respublika çox çətin vəziyyətdə idi, buna baxmayaraq, Prezident vaxt tapıb, bizi qəbul etdi. Nailiyyətlərimizə heyranlığını gizlətmir, problemlərimizlə maraqlanırdı. Həmin görüşdə bizə bağışlanmış saatlar həyatımızda ən qiymətli hədiyyələrdir, çünki Heydər Əliyevdən xatirədir.
Bu əfsanəvi şəxsiyyətlə ikinci görüşüm 2001-ci il iyulun 27-də oldu. Digər ən yaxşı idmançılar sırasında ölkəmizin Prezidenti mənə də yeni şəxsiyyət vəsiqəsi təqdim etdi. Əməyi belə yüksək qiymətləndirilən insanın keçirdiyi hissləri ifadə etmək çox çətindir. İndiki Prezidentimiz İlham Əliyev isə Azərbaycan idmanının möhkəm təməlini qoymuşdur. Heydər Əliyev siyasətinin davamçısı kimi o, məsuliyyətli missiyasını layiqincə yerinə yetirir.