REGİONLAR
Heydər Əliyevin respublikamıza rəhbərliyi Azərbaycanın quruculuq salnaməsinin ən parlaq səhifələridir
Beyləqan, 10 may, Tahir Ağaməmmədov, AZƏRTAC
Ulu Öndər Heydər Əliyevin respublikamıza rəhbərliyinin birinci dövrü Azərbaycanın quruculuq salnaməsinin ən parlaq səhifələridir.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu fikir Beyləqan rayonunda Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyi münasibətilə keçirilən tədbirdə səslənib.
Beyləqan Rayon İcra Hakimiyyətinin rəhbərliyi, idarə, təşkilat və müəssisələrin kollektivləri, ictimaiyyət nümayəndələri xalqımızın Ümummilli Lideri, müasir Azərbaycan dövlətinin qurucusu Heydər Əliyevin abidəsini ziyarət edib, dahi şəxsiyyətin xatirəsini hörmət və ehtiramla anıblar.
Mədəniyyət Mərkəzində davam edən tədbirdə əvvəlcə Ulu Öndər Heydər Əliyevin Beyləqana səfərləri zamanı çəkilmiş fotoşəkillərdən ibarət sərgiyə baxış keçirilib.
Tədbir Azərbaycanın Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Sonra Beyləqan Rayon İcra Hakimiyyətinin başçısı Asif Ağayevin Ümummilli Lider Heydər Əliyevin siyasi fəaliyyəti ilə bağlı məruzəsi dinlənilib. A.Ağayev çıxışında bildirib ki, Azərbaycana rəhbərliyinin birinci dövründə Heydər Əliyev özünün qeyri-adi idarəçilik bacarığı, polad iradəsi və yüksək vətənpərvərliyi sayəsində, uzaqgörən və məqsədyönlü qərarları ilə qısa müddətdə respublikamızda sosial-iqtisadi, elmi-texniki və mədəni sahələrin inkişafında böyük sıçrayışa nail olub.
Məruzəçi Ulu Öndərin ikinci dəfə hakimiyyətə qayıdışı ilə ölkənin ictimai-siyasi, sosial-iqtisadi, elmi-mədəni həyatında, beynəlxalq əlaqələrində müsbət dəyişikliklərdən bəhs edib, milli dövlət quruculuğu, sabitliyin təmin edilməsi prosesində Heydər Əliyevin yorulmaz fəaliyyətini tədbir iştirakçılarının diqqətinə çatdırıb.
Sonda Ulu Öndər Heydər Əliyevin həyat və fəaliyyətini əks etdirən “Əsrin adamı” adlı film nümayiş olunub.